Sabah iki oyunla Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək. Turun anonsu çərçivəsində ilk günün qarşılaşmaları barədə PRO kateqoriyalı mütəxəssis Adil Şükürovun fikirlərini təqdim edirik.
27 fevral (bazar)
“Sabah” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”, 17:00
“Turun mərkəzi oyunu məhz bu iki komanda arasında keçirilən matçdır. Diqqət yetirsəz, son vaxtlar bu komandalar arasında mübarizə şəraitində keçən oyunlarda səfərdə oynayan komanda qələbə qazanır. Hər iki komanda yaxşı futbolçulardan təşkil olunub, hər iki komandanın heyətində oyunun taleyini həll edə biləcək futbolçular var. Lakin onu da qeyd etmək lazımdır ki, hər iki komandanın müdafiə xətti zəif çıxış edir, bəzən səviyyələrinə uyğun olmayan səhvlər buraxırlar. “Sabah”ın heyətində bombardirlər siyahısında yer alan Coy-Lens Mikelsin “Neftçi”nin müdafiəsi üçün başağrı olacağını düşünürəm.
Qış fasiləsindən sonra “Neftçi” həm sistem olaraq dəyişib, həm də oyun oiaraq. Elə “Sabah”da da dəyişikliklər olub. Ramin Quliyevin komandanın başına keçdiyi ilk vaxtlarda “Sabah” aqressiv oynasa da, sonradan müdafiyəyə meylli oyuna üstünlük verməyə başladı və eniş yaşandı. Murad Musayevin gəlişi ilə “Sabah” yenidən aqressiv oynamağa başlayıb, rəqiblərinə qarşı pressinq tətbiq edirlər. Əvvəldə də qeyd etdiyim kimi, çox maraqlı oyun olacaq”
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
“Kapital Bank Arena”, 19:15
“Elmar Baxşıyevin komandası bu mövsüm həm sərgilədiyi oyun, həm də göstərdiyi nəticələrlə ən xoş sözlərə layiqdir. Sürətli hücumların qurulması, sürətli əks-hücumların təşkil olunması Elmar Baxşıyevin dəsti-xəttindən xəbər verir. “Sumqayıt”a gəlincə, Aleksey Baqa özünü təsdiqləmək üçün qələbələ qazanmalıdır. Və bu baxımdan “Qəbələ” ilə oyun onun üçün vacib qarşılaşmadır. Çünki “Sumqayıt”ı kubok mübarizəsindən məhz “Qəbələ” kənar qoyub. Bu görüş də maraqlı olacaq”.
saytlarin hazirlanmasi