Legioner həyatı yaşayan azərbaycanlı: "Karyeramı başa vurduqdan sonra da Taylandda qalacam"

17:38 - 27 Fevral 2022

“Kamphenqphet”in azərbaycanlı futbolçusu Məmməd Qululiyev Sportal.az saytına açıqlama verib.

Yarımmüdafiəçi Taylanddakı karyerasından söz açaraq, futbolçu karyerasını başa vurduqdan sonra bu ölkədə yaşamaq haqda düşündüyünü bildirib:

“İki ildən çoxdur ki, burada oynayıram. Artıq Taylanddakı yaşayışa öyrəşmişəm. Hər şey məni qane edir. Başqa ölkə klubundan təklif gələrsə belə, gedib oynayıb qayıdaram. İndinin özündə də təkliflər var. Amma cəlbedici deyil. Gedəsi olsam, gərək hər şeyi sıfırdan başlayım. Taylandda isə məni tanıyırlar. Karyeramı bitirdikdən sonra da burada yaşamaq niyyətim var. Təbii ki, Bakıya gəlib-gedərək.

Çünki evdəkiləri də görmək istəyirəm. Pandemiyaya görə gəlib görə bilmədim onları. Son oyunumuz qalıb. Oyundan sonra Bakıya gələcəm. İstirahətm etdikdən sonra təklifləri dəyərləndirəcəm".

"Gələcək sezonla bağlı ümidlərim çoxdu. Taylandda 1-ci və ya 2-ci liqada oynamaq ehtimalım var. Sadəcə legioner limiti var deyə, çətindi. Cəmi 3 legionerin oynamasına icazə verirlər. Söhbətlər var ki, gələn mövsüm legioner limiti 5 olsun. Belə olarsa, daha da yaxşı alınar" - deyə, Məmməd Quliyev fikirlərini yekunlaşdırıb.

Xəbər xətti