"Qəbələ"nin qışda heyətinə qatdığı Samet Karakoç Sportal.az saytına müsahibə verib. Türkiyəli futbolçu yeni komandasındakı çıxışı və Azərbaycan çempionatı barədə danışıb.
- "Qəbələ" Premyer Liqanın 17-ci turu çərçivəsində dünən "Sumqayıt"a qalib gəlməyi bacardı. Bu cür qələbə olacağını ehtimal edirdin?
- Qələbə qazanacağımızı gözləyirdim. Çünki həftəiçi məşqlərdə çox yaxşı çalışmışdıq. Komandamız "Sumqayıt"la oyuna çox yaxşı konsentrasiya olmuşdu. Nəticədə də istədiyimizə çatdıq.
- Səncə, əsas heyətdə daim oynamağa nə vaxt başlayacaqsan?
- Bu komandaya inamlı gəlmişəm. Hər şeyin də zamanı var. Mən də həmin zamanı gözləyirəm.
- Qarşıdakı turda “Qəbələ” “Qarabağ”ın qonağı olacaq. Rəqibiniz haqda fikrin necədi?
- "Qarabağ"a qarşı oyun çox çətin olacaq. Amma biz həftəiçi çalışacağıq. Oyunda da əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə olsun. “Qarabağ”la oyundan qalib ayrılmaq istəyirik.
- Azərbaycan və “Qəbələ”dəki adaptasiya prosesi necə gedir?
- Həm Azərbaycana, həm də “Qəbələ”yə adaptasiya olmuşam. Hər şey yolundadı, burada olduğuma görə şadam.
- Necə düşünürsən, Azərbaycan Premyer Liqası Türkiyənin hansı liqası ilə oxşar və eyni səviyyədədi?
- Azərbaycan çempionatı da yaxşı durumdadı. Oyunlar çətin keçir. Məncə, Azərbaycan Premyer Liqası Türkiyə 1-ci liqası ilə eyni səviyyədədi. Azərbaycan çempionatında bütün komandalar yaxşı durumdadı. Hər bir komandanın məqsədi var və bunun uğrunda mübarizə aparırlar.
- Yeri gəlmişkən, qarşıdakı turda qarşılaşacağınız “Qarabağ”la ölkə kubokunun yarımfinalında da üz-üzə gələcəksiz. Bu, kubok oyunuöncəsi rəqibi daha yaxından tanımaq mənasında yerinə düşdü?
- Ümidvaram ki, finala vəsiqə qazana biləcəyik. Təbii ki, çətin olacaq. Çünki “Qarabağ” güclü komandadı. Amma biz məqsədimizə çatmaq üçün çalışacağıq.
- Azərbaycanın U-21 yığmasında oynayırsan. Əsas millidə oynamaq fikrin var, yoxsa Türkiyəyə qayıtmaq haqda da düşünürsən?
- Əlbəttə ki, xəyallarım arasında Azərbaycanın əsas millisində oynamaq da var. Bu məqsədə çatacağıma inanıram.
Mirbağırağa Cəfərli