"Kluba peşəkar yanaşdığıma görə, mənim də ürəyimi sıxan bəzi məsələlər var" - MÜSAHİBƏ

16:55 - 28 Fevral 2022

Azərbaycan milli komandasının veteran futbolçusu, bir müddət əvvəl isə “Cəbrayıl” komandasını yaradan Cavid Hüsyenov Sportal.az saytına müsahibə verib. O, komandasının gələcək məqsədlərindən söz açıb.

- "Cəbrayıl"ın işləri necə gedir? Regional liqasında istədiyiniz nəticələri qazana bilirsiniz?
- Hər şey qaydasındadı. İstədiyimiz nəticələri qazanmaq məsələsinə gəldikdə, hələ qrup oyunlar bitməyib. Martın 6-da “Şahdağ”la (Quba) oynamalıyıq. Onların son oyunu baş tutmayıb, texniki məğlubiyyət verilməyib. Yəqinki, onlara yenə texniki məğlubiyyət veriləcək. Komanda komplektləşib, istədiyimizin 60-70 faizini ala bilirik. Düzdü, istəyərdik ki, daha yaxşı olsun. Amma bizdə də müəyyən problemlər, çatışmazlıqlar var. Onları da aradan qaldırmaq istəyərik.

- Səhv etmirəmsə, bir ara Türkiyədə toplanış keçməyi planlaşdırırdınız. Maddi məsələlərlə bağlı probleminiz var, yoxsa artıq yoluna düşüb hər şey?
- Yox, Türkiyəyə getmək fikrimiz yox idi. Təlim-məşq toplanışında iştirak etdik. Ruslan-93-də 10 günlük təlim-məşq toplanışımız oldu. Sadəcə heyfslənirəm ki, qrup oyunları baş tutmadı. Qrupumuzda komanda sayı azdı deyə, az oynayırıq.

- Cəbrayılda stadionla bağlı vəziyyət nə yerdədi? Necə düşünürsən, klubun maliyyəsi daha da güclənəcək?
- Cəbrayıla yaxın günlərdə səfərimiz planlaşdırılır. Çəkilişlərimiz də olacaq. Tələsməyək, bu haqda geniş məlumat vermək istəmirəm. Yaxın 5-10 gündə səfər baş tutacaq və bu haqda danışarıq. Cəbrayıldakı vəziyyət hələ ki, istədiyimiz qədər ürəkaçan deyil. Təbii ki, tez bir zamanda doğma rayona yollanıb, oyunlarımızı doğma stadionda keçirmək istəyərdik. Amma hər şey dövlətimizin müəyyən etdiyi plan üzrə gedir. Ümid edək ki, yaxın gələcəkdə öz Cəbrayılımıza, stadionumuza qovuşacağıq.

- Şər deməsən, xeyir gəlməz deyirlər. Tez-tez olur ki, böyük ümidlərlə yaradılan klub daha sonra tarixə qovuşur. Sizdə necə, belə təhlükə varmı? Yəni, kluba maliyyə ayıran insanlar həvəsdən düşməyibki?
- İndidən nəsə demək mənə çox çətindi. İnanıram ki, Cəbrayılımızın iş adamları bizə dəstək olacaq və köməyini əsirgəməyəcək. Kifayət qədər belə iş adamları var. Ümid edək ki, Cəbrayılımızın futbolunuda, komandanın inkişafında əllərindən gələni edəcəklər. Fərq etmir, sabah mən komandada varam ya yox. Əsas odur ki, Cəbrayılı təmsil edən komanda olacaq. Camaat Cəbrayıla köçəndən sonra komandası olmalıdı. Bu, mütləqdi, vacibdi. Hər rayonun komandası olmalıdı. Futbolu hamı sevir. Cəbrayıl stadionu tikilsə, hazır olandan sonra tribunalarda heç yer də olmayacaq. Bu komandanı ümidlərlə qurmuşuq.

- Gələn sezon 1-ci liqada oynamaq üçün işlər gedir?
- Niyyətim gələn sezon komandanın birinci divizionda çıxış etməsidi. Çünki Regional liqada peşəkarlıq çatışmazlığı var. Amma mən kluba peşəkar yanaşdığıma görə, mənim də ürəyimi sıxan bəzi məsələlər var. Ona görə də 1-ci liqada çıxış etmək istəyərdik. Ümidimiz böyükdü. Yaxın gələcəkdə bu xəbəri alarıq. Əsas niyyətimiz bu liqada yaxşı nəticə qazanmaqdı. Komandanı sıfırdan formalaşdıran şəxs kimi deyə bilərəm ki, “Cəbrayıl”ın yeri Regional Liqa yox, ən azı 1-ci liqadı. Ümidimiz böyükdü ki, Allah qoysa, istəyimizə çatacağıq.

Mirbağırağa Cəfərli

Xəbər xətti