Rəşad Sadıqov: "Hamı Qurban Qurbanovun fəlsəfəsini, iş prinsipini özünə örnək götürür" - VİDEO

19:26 - 28 Fevral 2022

"Zirə" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

- Bizim üçün çox vacib qələbə idi. Artıq çempionatın elə məqamındayıq ki, hər xal, hər qələbə çox önəmlidir. "Səbail"lə səfərdə oynamaq hər komanda üçün çətindir. Nəzərə alaq ki, "Qarabağ"ın yeganə məğlubiyyəti bu stadiondadır. İlk dəqiqələrdən üstünlük yaratmağa, öz oyunumuzu oynamağa çalışdıq. Rəqib oyunun əvvəlində ikinci zonada bizə daha çox pressinq tətbiq edirdi, hücumlarımızı inkişaf etdirməyə imkan vermirdi. İkinci hissədə isə oyun bizim üçün daha yaxşı keçdi, hücumda fəal oynamağa çalışırdıq. Çoxlu qol imkanlarımız oldu. Onlardan istifadə etmədikdən sonra, hesab minimal olanda rəqib də sonadək əzmkar mübarizə aparırdı. "Səbail" hər xal üçün vuruşan komandadır. Turnir cədvəlində sonuncu pillədə olsalar da, bu komandaya sonuncu yer verməzdim. Kubok oyunlarında bizə böyük hesabla məğlub olmuşdular. Amma iki çempionat oyununu çox yaxşı keçirmişdilər. Hesab arasındakı fərqi artırmadıqda son dəqiqələr bizim üçün gərgin keçdi. Müdafiədə səhv etmədik, etibarlı oynadıq, bəlkə də rəqibə qol imkanı yaratmadıq. 


- "Qarabağ" - "Marsel" matçında Qurban Qurbanovun etdiyi hərəkətlə bağlı sizin fikriniz necədir?

- Qurban Qurbanov bizim yeni nəslin müəllimidir, örnəyidir. Demək olar hamı Qurban müəllimin fəlsəfəsi, iş prinsipini özünə örnək götürür. Burada da yenə hamımıza müəllimlik etdi, dərs keçdi, özündən sonra böyük miras qoydu. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq yox, ədalətli qələbə qazanmaq lazımdır. Bilirəm bir çox insanlar niyə birmənalı qarşılamadı. Çünki, "Qarabağ"a qarşı da haqsızlıqlar olmuşdu. O nöqteyi nəzərdən bizim də bu məsələyə müdaxilə etməyib eyni reaksiya verməyimizi gözləyirdilər. Amma bizim də onlardan fərqimiz odur ki, bütün dünyaya ədalət dərsi keçdik. Özünüz də bütün reaksiyaları gördüz. Məncə düzgün addım idi. Hər insan bu addımı atmazdı, mümkün deyil. İnanmıram futbol dünyasında kimsə belə hərəkət edərdi. Çox vacib məqam idi. Qol sayılsaydı, bəlkə də "Qarabağ" daha sərfəli nəticə əldə edərdi. Amma bu bütün dünya üçün böyük ədalət dərsi oldu. Buna görə Qurban müəllimə bir daha təşəkkür edirəm. 


- Ən yaxın izləyiciniz "Sabah"ı 11 xal qabaqlayırsız. Artıq avrokuboklar haqda düşünməyə başlamısız?

- Xeyr, qəti şəkildə. Ötən mövsüm də qış fasiləsindən sonra bizi erkən şəkildə avrokuboklarda görənlər çox idi. Onda da bildirirdik ki, hələ çox tezdir. Çiyinlərimdə böyük təcrübə var. Belə oyunlar, belə yarışlar çox görmüşəm. Zərrə qədər rahatlaşmağın, boşalmağın fəsadları pis ola bilər. Bilirik ki, "Sabah" da iddialı komandadır. Yenə baş məşqçi təyin olunandan sonra möhtəşəm futbol nümayiş etdirirlər. Son turlarda məğlub olmaqlarına baxmayaraq,  əminəm ki, sona qədər mübarizə aparacaqlar. Qarşıda bizi çox gərgin 11 tur gözləyir. Sona qədər mübarizə aparmalıyıq.

 

Elçin Əlixan

 

Xəbər xətti