"Mahiri bazada bir dəfə görmüşəm. Ondan sonra hələ ki, görüşməmişik. Görüşəndə də də ayaqüstü söhbətimiz oldu. Hər gün komanda ilə məşq edir, işləri qaydasındadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Marko Şarliya deyib.
Vaxtilə "Bakı"nın qapısını qorumuş xorvatiyalı hazırda "Dinamo"nun əvəzedici heyətində işləyir. Zaqreb klubunun qapıçılarla işləyən məşqçisi olan Marko milli komandamızın forvardının əsas heyətdə oynamamasını şərh edib. Xorvatiyalının sözlərinə görə, "Dinamo"nun baş məşqçisi Jelko Kopiç Mahirə zamanla şans verəcək:
"Fikrimcə, Mahir tam hazır deyil deyə, Jelko Kopiç risk etmək istəmir. O, Zaqrebdə “Sevilya”ya qarşı özünü yaxşı tərəfdən göstərdi. Hələ vaxtı var, cavandı. Doğrudu, son oyunda “Osiyek”ə uduzmaqları yaxşı olmadı. Ancaq Mahirin yaxın vaxtlarda əsas heyətə düşmək və oynamaq şansı yaranacaq. O, keyfiyyətli və səviyyəli oyunçu hesab edilir. “Dinamo”da səviyyəli oyunçular az deyil. Bu mənada əsas heyətə düşmək də asan olmayacaq. Ancaq istənilən halda, Mahir cavandı və vaxtı var”.