Litva millisinin baş məşqçisi: "Azərbaycanda mənə dəyər verilmədiyini düşünmürəm" - MÜSAHİBƏ

19:57 - 1 Mart 2022

Azərbaycandan kənarda çalışan mütəxəssislərimizin sayı çox deyil. Budəfəki müsahibimiz Litvanın çimərlik futbolu üzrə baş məşqçisi Sahib Məmmədovdu. Sportal.az saytına müsahibəsində o, Baltikyani ölkəyə necə gedib çıxmasından və hazırki fəaliyyətindən söhbət açıb.

- Litvadakı həyatınız necə gedir? 
Hər şey yaxşıdı. 2016-cı ildən Kaunas şəhərində yaşayıram. Federasiyanın yaratdığı şərait də ürəyimcədi. 2019-cu ildən Litva millisinin baş məşqçisi işləyirəm. Federasiya üzərinə düşəni yerinə yetirir. Bəzən elə olur ki, Almaniya və Türkiyə klublarından təklif gələndə, gedib oyunçu kimi də oynayıram.

- Çimərlik futbolu üzrə turnirlər hava şəraitinə görə gec-gec keçirilir. Bu mənada başqa işlə də məşğul olursuz, yoxsa fəaliyyətiniz yalnız çimərlik futbolu ilə bağlıdı?
Başqa işlə məşğul olmuram. Millidə müqavilə ilə işləyirəm. Bu da mənə bəs edir. Düzdü, mart ayından sonra intensiv məşqlərə başlayırıq. Amma qışda da üstüörtülü stadionlar var, ayda 4-5 dəfə məşq edirik.

- Maraqlıdı, Litvaya gedişiniz necə alındı?
- 2013-cü ildə Türkiyənin "Manavqat Bələdiyyəspor" klubundan təklif gəlmişdi. Getdim, tale elə gətirdi ki, litvalı xanımla tanış oldum (gülür). Daha sonra ailə həyatı qurduq. Artıq 8 ildir ki, ailəliyəm, övladım var. 

- Azərbaycan A millisinin baş məşqçisi olmaq və ya futbolçu kimi yıömada oynamaq təklif edilib? Və ya oynamısız burada, yoxsa sizcə, sizə də dəyər verilməyib? 
Çimərlik futboluna elə Azərbaycanda başlamışam. Hətta tarixi də yadımdadı, 2008-ci il martın 1-i. Həmin vaxt Azərbaycanda çimərlik futbolu yaradıldı, mən də elə ondan oynamağa başladım. 8 il millidə, Azərbaycan və Türkiyə klublarında  oynamışam. 2013-cü ildə Türkiyədən təklif gəldi, ora getdim. Bayaq da dediyim kimi, litvalı qızla orada tanış oldum və oraya yollandım. Azərbaycanın millisinin heyətində son oyunumu 2014-cü ildə Moskvadakı Avroliqa oyunlarında keçirmişəm. Ondan sonra milli karyerasını bitirmişəm.

- Litva millisinin baş məşqçisi kimi Azərbaycan millisinə qarşı oynamısız? Oynayası olsanız, doğma ölkənizə qarşı qalibiyyət qazanmağı istəyərdiniz?
- 2019-cu ildən Litva millisinin baş məşqçisiyəm. İndiyə qədər Azərbaycanla oynamamışıq. Mayın 15-22-i arası Bakıda toplanış keçib, Azərbaycan millisi ilə 4 yoxlama oyunu planlaşdırırq. Mənim üçün ilk olacaq. Doğrudu, Azərbaycan vətənimdi. Amma mən Litva millisində işləyirəm. Ona görə Azərbaycan millisinə qalib gəlmək istəyirəm. 

-  Yerli federasiyasının sizə yaratdığı şəraitdən razısız? Litva soyuq iqlimi olan ölkədi. Bu mənada, çimərlik futboluna maraq nə yerdədi? 
-
 Nə deyirəmsə, federasiya onu yerinə yetirir. Litva millisində işləməyə başlayanda çimərlik futbolunda vəziyyət  yaxşı deyildi. Dördüncü ildir ki, buradayam. Mənə qədər milli reytinqdə 79-cu pillədəydi, hazırda 49-cu qalxıb. Bu, Litva üçün böyük göstəricidi. Düzdü, bəzi problemlər var, hər şey birdən-birə olmur. Daha çox oynamaq lazımdı. Federasiyadan razıyam. Litvada çimərlik futbolu populyar deyil, amma yenə də tanınır. 

- Vaxtilə Azərbaycan futbolunda dəyər verilməyən adamlar ölkə xaricində uğur əldə edə bilir. Burada Kanada millisinə baş məşqçi təyin edilən Elnur Qəmbərovun və sizin adınızı çəkmək olar. Yoxsa, siz belə hesab etmirsiz?
- Azərbaycanda mənə dəyər verilmədiyini düşünmürəm. 8 il millidə oynamışam, heç kimlə problemim olmayıb. Ordan ayrılmağımın səbəbi yalnız ailə məsələsi olub.  

- Gələcəkdə Azərbaycan millisindən təklif gəlsə, buna razılıq verərsiniz, yoxsa Avropada qalmaq istəyərsiz?
Bir söz deyə bilmərəm. Hazırda Avropada yaşayıram və işlərim qaydasındadı. Bəlkə nə vaxtsa  Azərbaycandan təklif gələr...Bilmirəm. Hələ ki, buradayam. Avropadan dəvət olsa, yəqin ki, üstünlüyü onlara verərəm. 

​Mirbağırağa Cəfərli

Xəbər xətti