Legioner həyatı yaşayacaq azərbaycanlı: "Canni De Byazinin diqqətini cəlb edə bilsəm, niyə də olmasın?" - MÜSAHİBƏ

17:35 - 2 Mart 2022

"Dauqavpils"in yeni transferi Asim Əlizadə Sportal.az saytına müsahibə verib. Müqavilə ilə "Neftçi"yə məxsus olan 21 yaşlılardan ibarət yığma komandamızın üzvü Latviya klubunda 1 illik icarə əsasında çıxış edəcək. O, Latviyadakı məqsədlərindən söhbət açıb.

- Artıq səni "Dauqavpils"in üzvü hesab etmək olar?
- Rəsmi müqavilə hələ ki, imzalanmayıb. Amma komandalar arasında razılıq əldə olunub. Mənim razılığım da oldu, icarə müqaviləsini imzalamışam. Bəli, artıq demək olar ki, "Dauqavpils"in futbolçusuyam.

- Həm baş məşqçi, həm də köməkçi məşqçi ilə danışmışdım, onlar sənin haqda yüksək fikirlər səsləndirdi. Özləri səninlə təkbətək söhbət edib?
- Məşqçilərlə söhbətim olub. Sağolsunlar, haqqımda müsbət fikirlər dedilər. Bildirdilər ki, komandaya daha tez uyğunlaşıb, qarşıdakı oyunlar üçün matçlara köklənməliyəm. Mən də bunu etməyə çalışıram. 

- "Neftçi" ilə rəsmiləri və ya Samir Abasovla danışığın oldu?
- Bəli, "Neftçi" rəsmiləri danışmışam. Zaur Əzizovla danışdım, mənim buradakı vəziyyətimi soruşdu, sağolsun, maraqlandı. Mən də hər şeyin qaydasında olduğunu dedim. Mahmud Qurbanovla da söhbətimiz oldu, o da mənə Latviyada daha yaxşı oynayıb, özümü ən yaxşı tərəfdən göstərməli olduğumu tövsiyyə etdi. Xeyr, Samir Abasovla danışmamışam.

- Martın 13-də Latviyada yeni sezon başlayacaq. İlk oyununuz "Tukumsa"ya qarşıdı. Oyun gününə qədər əsas heyətdə özünə yer edə biləcəksən?
- Üç həftədir ki, buradayam və komandaya uyğunlaşmışam. Komandanın sistemi, oyun stili artıq mənə aydındı. Qısa zamanda hər şey tam qaydasına düşəcək, buna əminəm.

- Kollektivdə hansı dildə danışırsan? 
Rus dilində danışıram. Burada hamı rusca danışa bilir və mənim üçün daha rahatdı. İngilis dilini çox bilməsəm də ünsiyyət qura biləcək səviyyədə danışa bilirəm. Hamımız bir-birimizi başa düşürük.

- Latviyada oynayaraq Azərbaycan A millisinin baş məşqçisi Canni De Byazinin diqqətini cəlb edə biləcəksən?
- Əlbəttə ki, Azərbaycanın əsas millisinə dəvət edilmək arzumdu. Latviyadakı oyunumla Canni De Byazinin diqqətini cəlb edə bilsəm, niyə də olmasın? Amma hər şeydən əvvəl buradakı işimə fokuslanmışam. 

Mirbağırağa

Xəbər xətti