"Qəbələ"nin forvardı Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" Premyer Liqanın 17-ci turunda "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldi. Hesab özünüz üçün gözlənilməz oldu?
- “Sumqayıt”la matça qələbə üçün çıxmışdıq. Həftə ərzində yaxşı hazırlaşmışdıq. Əsas odur ki, 3 xalı qazandıq və yolumuza uğurla davam edirik.
- Meydana ikinci hissədə, hesab 4:0 olarkən daxil oldun. Belə olan halda qol vurmaq şansın daha yüksək idi. Fərqlənə bilməməyinin səbəbi nə idi?
- Doğrudu, qol vurmaq üçün şansım oldu. Özüm də qol vurmağı çox istəyirdim. Amma təəssüf ki, bu dəfə alınmadı.
- “Qəbələ” hazırda ilk pillədəki “Qarabağ”dan 5 xal geri qalır. Maraqlıdı, heç arada-bir kollektivdə çempionluq şanslarınızın olması barədə müzakirələr aparırsız?
- Bu haqda indidən danışmaq çox tezdi. Biz bütün fikrimizi qarşıdakı oyuna yönəltmişik. Çünki hər zaman qarşıdakı oyunumuzu düşünürük. İstənilən halda komanda olaraq əlimizdən gələni etməyə çalışırıq.
- Növbəti turdakı rəqibiniz “Qarabağ”dı. Avrokuboklardakı çıxışını sona çatdıran rəqib bütün diqqətini daxili oyunlara yönəldəcək. Bu mənada, onlar avrokuboklarda yoluna davam etsəydi, sizin üçün də yaxşı olmazdı?
- "Qarabağ" çempionatın ən ideal komandasıdı. Onların Avropadakı uğurlu çıxışı hamımızı sevindirir. Çox istəyərdim ki, “Qarabağ” Avropada yoluna davam etsin.
- "Qarabağ"la matçda hansı nəticəyə ümid edirsiniz?
- Futbolda hər şey mümkündü. “Qarabağ”la oyuna uğurlu nəticə üçün çıxacağıq. Necə alınacağını hamımız görəcəyik. Həftə ərzində oyuna hazırlaşacağıq.
- Hazırda bombardirlər sırasında yer almısan və ilk pillədəki Davit Volkovdan 4 qol geridəsən. Mövsümün bombardiri olmaq məqsədin var?
- Hər şey ola bilər. Çünki qarşıda hələ oyunlar var. Əlbəttə ki, Premyer Liqanın bombardiri olmaq istəyirəm.
- Vaxtilə səni aşağı yaş qruplarından ibarət yığma komandasına dəvət edən Rəşad Sadıqov olmuşdu. Bu mövsümki çıxışını nəzərə alsaq, səncə, Sadıqov səni komandasına cəlb etmək istəyər?
- Düzdü, ilk dəfə məni yığmaya dəvət edən Rəşad müəllim olmuşdu. Onun rəhbərliyi altında yığmada oynamışam. Amma siz deyən məsələyə gəldikdə, vallah belə bir şey yoxdu.