Rəşad Sadıqov: "Belə gördüm, belə qərar verdim" - VİDEO

19:54 - 5 Mart 2022

"Zirə" Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb: 

 

- Artıq mövsümün ortasını keçmişik. Bundan sonra hər oyun digərindən önəmli olur. Rəqibimiz əvvəlki turda böyük hesabla məğlub olmuşdu. Həftə ərzində futbolçularla danışanda bildirirdik ki, bizə qarşı tam fərqli "Sumqayıt" olacaq. Nə ehtimal edirdiksə, ilk dəqiqələrdən onu meydanda gördük. Aqressiv, bizi təhlil edən, meydanboyu pressinq tətbiq edən bir komanda var idi. İlk hissədə həm də küləyə qarşı oynayırdıq. Kənardan futbolçulara göstəriş verdim ki, tələsmədən, səbrli oynasınlar. Fasilədə soyunub-geyinmə otağında danışdıq ki, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməli, daha aktiv oynamalıyıq. Elə də oldu. Qol vurduq, ondan sonra çox yaxşı qol epizodlarımız oldu. Əvvəlki turdakı kimi ikinci qolu vura bilməyib, son dəqiqələrin bizim üçün daha gərgin keçməsinə səbəb olduq. Rəqibin də bir neçə təhlükəli hücumu var idi. Ümumən xoşbəxtik. Çox vacib üç xal qazanmışıq. Artıq məcburuq ki, növbəti oyunlara hazırlaşaq.


- Bu gün Hamidu Keyta ehtiyatda idi. Sanki bu futbolçu meydana sonradan daxil olanda istənilən performansı sərgiləyə bilmir. Siz necə düşünürsüz?

- Beynimdə o qədər fikirlər, planlar var ki, hamısını mətbuat konfransında açıqlama bilmirəm. Müəyyən detallar var ki, qərarlarımıza təsir edir. Bu gün bu on birliyi görürdüm. Keytanın özünə gəldikdə isə, deməzdim pis idi, tam əksi, yaxşı oynadı. Qol zamanı sol cinahdan ötürməni o verdi. Daha sonra iki yüz faizlik qol vəziyyətinə girdi, sadəcə olaraq son vuruş catışmadı. Oyunumuza sürət, dinamika qatdı. Hər məşqçinin beynində rəqibə uyğun bir plan, ideya var. Bu haqda çox məlumat verə bilməyəcəm. Belə gördüm, belə qərar verdim.

 

Elçin Əlixan

 

Xəbər xətti