"Neftçi"yə uduzmağımızın səbəbi konsentrasiyanın itməsi idi" - MÜSAHİBƏ

11:27 - 6 Mart 2022

"Səbail"in qolkiper Rəşad Əzizli Sportal.az saytına müsahibə verib. "Neftçi"dən icarəyə götürülən kiper Azərbaycan Premyer Liqasının 18-ci turunda məxsus olduğu kluba qarşı keçirilən və 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışıb.

- Dünən “Neftçi”yə qarşı oynadınız və məğlub oldunuz. Matç sizin üçün necə alındı?
- Oyunun ağır keçəcəyini daha öncədən bilirdik. Son oyunda uduzmuşduq. Həm də sünii örtüklü meydandan sonra təbii örtüklü meydanda oynamaq ağırdı. Üstəlik, "Neftçi" bu il daha yüksək pressinq tətbiq edir. Uduzmağımızın səbəbi ani diqqətsizlik və konsentrasiyanın itməsi idi. 

- Qolları əsasən ikinci hissədə, 6 dəqiqəyə buraxdınız. "Neftçi"ni həmin 6 dəqiqədə saxlamaq çox çətin idi?
- Sona yaxın oyun daha da çətinləşirdi. "Neftçi" daha çox təzyiq edirdi. Belə olanda isə hardasa boşluqlar yaranır və diqqətsizlikdən qol buraxdıq.

- Öz komandana qarşı oynayırdı. Sənin üçün xüsusi matç idi? Özünü "Neftçi"yə yaxşı tərəfdən göstərə bildin?
- Həmişə “Neftçi”nin uğurlarına sevinmişəm. Xeyr, bütün matçlara necə hazırlaşıramsa, “Neftçi”yə qarşı da elə hazırlaşırdım. Özümü necə göstərdiyimi mütəxəssislər desə daha doğru olar.

- “Səbail” hazırda aşkar autsayderdi, son pillədə qərarlaşıb. Necə düşünürsən komanda son pillədən çıxa biləcək?
Mənə görə bu yerdə olmamalıyıq. Sadəcə "qara zolaq"dayıq, bəxtsizlik də özünü göstərir. Amma hər oyun sadə vəziyyətlərdən qol buraxırıq. Ki, həmin epizodlar da vəziyyəti bu yerə gətirib çıxarır. Bizə bir qələbə lazımdı ki, hər şey tam dəyişsin. Hələ heç nə bitməyib, yaxşı olacaq.

- Yəqin ki, özün də daim Premyer Liqa matçlarında oynamaq üçün darıxmışdın. Belə davam edərsə, A milliyə qayıda bilərsən?
- Bəli, oynamaq üçün çox darıxmışdım. Nə qədər məşq edirsən et, oyun oynamaq tam başqa həzzdi. Çox istəyərdim ki, yenidən milliyə qayıdım.

- Yayda “Neftçi”də oynamaq şansını necə dəyərləndirirsən? Özünü “Neftçi”nin hazırki qapıçılarından zəif hesab etmirsən?
- İndidən o barədə heç nə deyə bilmərəm. Mən sağlam rəqabətin tərəfdarıyam. Kim güclüdürsə, o da oynamalıdı. Kənarda hamımız dostuq, qardaşıq. Meydanda işimizi görürük.

​Mirbağırağa

Xəbər xətti