"Beşiktaş"da oynayanda Azərbaycan klubundan təklif almışdım" - MÜSAHİBƏ

19:16 - 7 Mart 2022

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış, hazırda "Darıca Gənclərbirliyi" forması geyinən Metin Gülər Sportal.az saytına müsahibə verib.

- “Darıca Gənclərbirliyi”ndə işlərin necə gedir? Məqsədiniz 2-ci liqaya yüksəlməkdi?
- Hazırlıqlar yaxşı gedir. Son oyunlarda yüksəliş əldə etmişik. Bu cür də davam etmək istəyirik. Hədəfimiz 2-ci liqaya yüksəlməkdi. Bəzi problemlər yaşamışdıq. Amma qarşıda daha 11 oyunumuz var. Klubda da özümü yaxşı hiss edirəm, hər şey  yolundadı. Daha yaxşı olacağını düşünürəm.

- Yayda klubunu dəyişmək təklifi edilmişdi sənə?
- Bəli, təklifim oldu. Amma klubumla qalmağımı istədi. Mən də burada qalmaq istədim.

- Azərbaycan klublarından necə, təklifin olub?
- “Beşiktaş”da olarkən təklif gəlmişdi. İndi elə bir təklif yoxdu. Təklif olsa, şərtlər də uyğun olarsa, gəlmək istəyərəm. Klub olaraq cavab verməyim isə çox çətindi.

- “Beşiktaş” yetirmisən. Əsas komandada oynamağın real görünmürdü?
- “Beşiktaş”da yetişmişəm, böyüdüyüm klubdu. Ora yenə dönmək istəyirəm. Həmin gün mütləq gələcək.

- “Beşiktaş”da oynayarkən Azərbaycan yığmasından yana seçim etmişdin. Türkiyə yığmasını seçsəydin, indi daha yaxşı klublarda oynayardın?
- “Beşiktaş”da oynayarkən Azərbaycan milli komandasına gəlmişdim. Orada mənə güvənən məşqçilər var idi və onların güvənini yerə vurmadım. Türkiyə milli komandasında oynasaydım, nələr olardı bilməzdim. Buna görə bir söz deyə bilməyəm.

- U-21 yığmasında da oynayırdın. Səncə, nəyə görə A milliyə dəvət edilmədin?
- Mütləq ola bilərdi. Superliqada oynayan oyunçular daha göz önündədi. Ancaq mən də bir gün A milli komandanın formasını geyinəcəyimi düşünürəm.

- Özünü Azərbaycan yığmasında oynayacaq gücdə hesab edirsən?
- Mənim yetərli görməyim və ya görməməyim bir şeyi dəyişdirməyəcək. Buna qərar verəcək insanlar A milli komandanın məşqçiləridi. Zaman göstərəcək hər şeyi.

Mirbağırağa

Xəbər xətti