Çilili futbolçu: "Qəbələ"yə çox kömək edə bilərdim"

23:33 - 7 Mart 2022

"Çili çempionatına döndüyümə görə şadam. Bu liqanı çox yaxşı tanıyıram. Çünki burada bir neçə klubda oynamışam. Ailəmə də yaxınam. Bu, məni xoşbəxt edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Vial"ın futbolçusu Rodriqo Qattas deyib.

Çilili futbolçu "Qəbələ"dəki çıxışını xatırlayıb. Hazırda ölkəsində oynayan yarımmüdafiəçi Azərbaycandakı karyerasının uğurlu alınıb-alınmaması haqda danışıb:

"Bir gün Azərbaycana qayıtmaq imkanım olarsa, bunu edərəm. Çünki bu ölkəni, mədəniyyətini, liqasını bəyənirəm. Mənə də çox yaxşı yanaşırdılar. Təklif gələrsə, xoşbəxt olaram. "Qəbələ"də mənə yaxşı münasibət göstərirdilər. Sadəcə bəxtim gətirmədi. Çünki pandemiya vaxtı gəlmişdim və oynamaq üçün şansım çox deyildi. Ona görə də sonda “Qəbələ”də ayrılmaq qərarı verdim. Amma yaxşı xatirələrim qalıb. Fikrimcə, “Qəbələ”yə çox kömək edə bilərdim. Ayrılanda da bu fikir qalmışdı məndə".

"Orada olmasam da, Azərbaycan çempionatının oyunlarına baxıram. Çünki orada çox dostum var və liqanı bəyənirəm"- deyə, Qattas fikirlərini yekunlaşdırıb.

Futbolçu 2020-ci ildə Kanadanın "York" klubundan sonra "Qəbələ"yə keçmişdi.

Mirbağırağa

Xəbər xətti