Dünən Azər Bağırovun "Araz Naxçıvan"a yeni baş məşqçi təyin olunması ilə bağlı xəbər vermişdik. Ölkəmizin gənc Pro kateqoriyalı məşqçilərindən olan Bağırov Sportal.az saytına açıqlamasında Naxçıvandakı futbolun durumu ilə bağlı və oradakı məqsədlərindən danışıb:
"Naxçıvan futbolunda böyük dəyişikliklər gözlənilir. Yaxın vaxtlarda akademiya da qurulacaq. İnfrastruktur məsələləri də yavaş-yavaş həll olunur. Səkkizinci ildir ki, Naxçıvanda böyük futbol yoxdu. Amma yavaş-yavaş bura böyük futbol qayıdacaq. Hər şeyi də danışdığımız kimi, ən yaxşı səviyyədə edəcəklər. Biz də buranın bir hissəsi olmaqdan məmmuniyyət duyarıq.
Hazırda "Araz Naxçıvan" Regional Liqada oynayır. Bacarıqlı uşaqlar var. Yavaş-yavaş Bakıdan lazım olan mövqelərə futbolçular da dəvət ediləcək. Bu gün Naxçıvanda azarkeşlər futbola acdı. Yaxın zamanda çox yaxşı hadisələr olacaq".
Bir müddət əvvəl Türkiyə millisinin, “Qalatasaray” və “Fənərbağça” klublarının sabiq futbolçusu Tanju Çolak Naxçıvana səfər etmişdi. Bağırov “Çolak da “Araz Naxçıvan”da işləyəcək?” sualına belə cavab verib:
“Tanju Çolakla bağlı onu deyə bilərəm ki, bu, sırf kluba aid olan məsələdi. Gələcəkdə hər şey ola bilər. Klubu tanıtmaq baxımından kiməsə, hansısa vəzifə verilə bilər. Amma mən üzərimə düşən vəzifələri yerinə yetirməkdəyəm, artıq işəə başlamışam. Ola bilər ki, Bakıdan özümə köməkçi məşqçi götürəm. Hazırda tanışlıqla, uşaqların vəziyyətilə, ümumi durumu və infrastrukturun inkişafı ilə məşğul oluruq”.
Mirbağırağa