Rusiyanın Ukraynaya hərbi təcavüzü artıq ikinci həftədir ki, davam edir. Ukraynada çətin durumda qalanlar arasında “Sumqayıt”ın futbolçusu, U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevin ailəsi də var.
Sportal.az saytına açıqlama verən futbolçu ailəsinin hazırki durumundan söz açıb. Bununla yanaşı o, ailəsini Bakıya gətirmək istədiyini bildirib: "Hazırda Ukraynadakı vəziyyət çətindi. Ailəm Belaya Çerkov şəhərindədi, Kiyevdən 70 kilometr uzaqlıqdadı. Hər gün şəhərin bombalana biləcəyilə bağlı həyəcan siqnalı verilir və insanlar zirzəmilərə qaçır. Kiyevə yaxın ərazilər, şəhərin özü də bombalanır. Şükür Allaha ailəmdə hamı sağdı.
Çox istəyərdim ki, ailəmi Bakıya gətirim. Mülki əhali üçün hava reysləri işləmir, ən yaxşı halda maşınla Polşa və Macarıstan sərhəddinə qədər getmək olar. O da hazırda sərhəddə çox uzun növbə var. İnsanlar günlərlə sərhəddə gözləyir ki, ölkəni tərk edə bilsin. Kişilərə isə ümumiyyətlə, ölkəni tərk etmək icazəsi yoxdu. Növbələr azaldıqdan sonra çox istəyirəm ki, Polşaya yollansınlar, oradan isə onları Bakıya gətirim. Sadəcə, nənəm tək qalmasın deyə, ailəm hamısı birlikdədi və heç yerə ayrılmayıblar. Həm də nənəm təyyarəyə minə bilmir, yaşlıdı, onun üçün daha çətindi. Bu mənada onu tək qoymaq olmaz. Yoxsa, ailəmi bu dəqiqə Azərbaycana gətirmək istəyərdim. Sadəcə elə bir imkan yoxdu hazırda".
Onun sözlərinə görə hazırda atası ölkəsinin müdafiəsi üçün ordu sıralarına qatılıb: "Hər gün fikrim ailəmin yanındadı. Çünki çətin vəziyyətdi. Heç yerdə müharibə olmamalıdı. Çünki müharibə faciə deməkdi. Atam müharibəyə könüllü olaraq yollanıb. Hazırda da ölkənin müdafiəsindədi. Ümidvaram ki, tezliklə hər şey sona çatacaq".