Azərbaycan milli komandasının sabiq futbolçusu, "Xəzər Lənkəran"da kapitan sarğısı daşımış Tural Cəlilov Sportal.az saytına müsahibə verib. Hazırda Xaçmazda UGİM-də çalışan Cəlilov futbolçu karyerasını sonlandırmasından və Azərbaycan Premyer Liqasındakı çıxışını xatırlayıb.
- Futbolçu karyeranı sona çatdırmısan artıq. Hazırda işlərin necə gedir?
- Bəli, futbolçu karyeram sona çatıb. "Sağolsunlar", belə oldu. Hazırda Xaçmazda uşaq futbolunda işləyirəm. Buradan uşaqları "Təhsil" və "Sabah" komandalarına göndəririk. Demək olar ki, filialdı, sırf bu komandaya uşaqları veririk. UGİM-də çalışıram. Burada bizim üçün hər bir şərait yaradıblar, futbol üçün hər şey var. Bakıda 20-ə yaxın yetirməmiz var, orada təhsil alırlar, oynayırlar. "Sabah"dan yığma komandaya yollanan futbolçular var. Xaçmaz Olimpiya idman kompleksinin meydançasında məşq edirik. Başqa meydançamız yoxdu. Fərid Qayıbov bu yaxınlarda Xaçmaza gəlmişdi, görüşümüz oldu. Söz verdi ki, bu il sünii örtüklü meydança salınacaq. Yəqin ki, havalar isindikdən sonra yaxşı meydançamız olacaq. O da olarsa, Xaçmazda uşaq futbolunda başqa problem qalmayacaq.
- Son olaraq "Kəpəz"in heyətində Premyer Liqada oynamışdın. Ondan sonra Premyer Liqa klublarından səni istəyən olmadı? Səncə, nəyə görə olmadı?
- Bəli, karyeramı “Kəpəz”də bitirdim. Əslində, bir klubdan təklifim var idi. Sadəcə birdən-birə alınmadı. Bu günə qədər heç bir klubdan xahiş etməmişəm ki, məni komandaya götürsünlər. Yoxlanışa getmək, kimdənsə xahiş etmək fikrim də yoxdu. Küsən kimi oldum, karyeramı bitirdim. İndi klublarımız cavanlara üstünlük verirlər. Bizdə belədir də, 30 yaşı keçdin, vəssalam, deyirlər qocalmısan. Hazırda 36 yaşındayam, Regional Liqada oynayıram, fiziki durumum indiki oynayanlardan aşağı deyil. Qismət belə imiş. Amma 3-4 il rahat oynaya bilərdim. Premyer Liqada 8 komanda oynayır, bu da azdı.
- Daha çox "Simurq" və "Xəzər Lənkəran"dakı karyerana görə Azərbaycan futbolu səni tanımışdı. Demək olar ki, karyeranın 2 ən uğurlu klubu onlardı. Həmin klublardakı çıxışını necə xatırlayırsan?
- "Simurq" və "Xəzər Lənkəran"da çox oynamışam, orada tanınmışam, yaxşı vaxtlarım olub. "Simurq" mənim üçün tramplin klublarından biri oldu. Oradan milliyə dəvət aldım. Ən yaddaqalan nəticə isə 3-cü yeri tutaraq avrokuboklara yollanmağımız oldu. "Xəzər Lənkəran"da da 2 kubok qazanmışdıq. Gözəl günlər idi. Unudulmayacaq anlar idi.
- "Xəzər Lənkəran"ın həm iddialı vaxtında, həm də klubun son vaxtlarında oynamışdın, özü də kapitan idin. Klubun fəaliyyətini dayandırdığı son ildə çox çətinlik çəkmişdiniz?
- Son vaxtlar problemlər çox idi. Maddi sarıdan çətinliklərimiz olurdu. Ancaq sona qədər komandanın yanında oldum, əlimdən gələni etdim. Bizdən asılı olmayan şeylər oldu. Çox istəyərdim ki, “Xəzər Lənkəran” Premyer Liqaya qayıtsın. Qayıtsa, çox maraqlı olar. Orada atmosfer, azarkeşlər inanılmazdı.
- "Xəzər Lənkəran" dövrünün ən gülcü klublarından olsa da, heç vaxt avrokuboklarda qruplara qala bilmirdi. Səncə, o cür büdcə ilə nəyə görə Avropada uğur qazana bilmirdi?
- Məncə, legioner futbolçuları yaxşı seçmirdilər. Doğrudu, yaxşı legionerlər də gəlirdi. Amma çoxu pis olurdu. Yəqin ki, nəsə struktur olmayıb, problemlər var idi ki, qruplara düşməyiblər. Bu məsələ haqda dərindən danışmaq mənə düşməz.
- Klub maliyyə çətinliyi yaşadığına görə futbolçulara borclu qalmışdı. Sənə necə, borcu qalıb klub?
- "Xəzər Lənkəran" təkcə mənə deyil, digər azərbaycanlı futbolçulara da borclu qaldı. Orada yaxşı pullar da qazanmışam, bunu dana bilmərəm. Vəziyyət belə oldu ki, pullarımız qaldı. Xeyirlisi, qismət.
- Ümumiyyətlə, Azərbaycan Premyer Liqası kənardan necə görünür, futbolumuzun hazırki durumunu necə şərh edərdin? Sən oynadığın illərlə indiki arasında fərq böyükdü?
- Bir neçə il bundan əvvəlki səviyyə daha yaxşı idi. “Qarabağ”ı çıxmaq şərtilə “Neftçi” də bundan yaxşı idi. Oyunçuların keyfiyyəti, səviyyəsi daha yüksək idi. Klubların da sayı çox idi, çempionluq mübarizəsi aparan komandaların sayı da. Hər komandada keyfiyyətli oyunçular oynayırdı. AZAL-da Junior Nildo, “Simurq”da Draqan Ceran kimi səviyyə futbolçular var idi. Yəni, hər komandada bu cür səviyyəli oyunçular oynayırdı. "Qarabağ"dan savayı, ən çox bu mövsüm "Zirə" və "Qəbələ"ni bəyənirəm. Onlarda konkret məşqçi işi görünür.
Mirbağırağa