"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportal.az saytına müsahibə verib. "Gənclik şəhəri" təmsilçisinin təcrübəli futbolçusu komandasının uğursuz nəticələrindən söz açıb.
- “Sumqayıt” son turda “Zirə”yə məğlub oldu. Səncə, nəyə görə komanda bu matçdan da uğursuz nəticə ilə ayrıldı?
- Əslində, çox yaxşı hazırlaşmışdıq. İstəyimiz də oyundan xalla ayrılmaq idi. Təəssüf ki, bizdə alınmadı. Son nöqtəni qoya bilməməyimiz məğlubiyyətimizə gətirib çıxardı.
- Qarşıdakı turda “Neftçi” ilə oynayacaqsınız. Rəqibiniz son 3 oyundur ki, qalib gələ bilib. Bu, sizi onlara qarşı daha da ehtiyatlanmağa vadar edir?
- “Neftçi” səfəri hər komanda üçün ağır səfər olub. Baş məşqçinin taktikasına, istəyinə uyğun çıxıb mübarizə aparacağıq. Qaldı ki, rəqibin 3 oyundur ki, qalib gəlməsi, bizim üçün elə də əhəmiyyətli deyil. Əsas olan komanda şəklində oyuna hazırlaşmağımız və yaxşı nəticə qazanmağımızdı.
- Aleksey Baqa kollektivlə söhbətində nələr danışır? Maraqlıdı, uğursuzluqdan necə çıxacağınızı ehtimal edir?
- Təbii ki, baş məşqçi bizlərlə söhbət edir. Bizə inandığını deyir, səhvlərimizi analiz edir, başa salır. Düşünürəm ki, qısa zamanda uğursuzluqdan çıxacağıq.
- Oynamamağın nə ilə bağlıdı? Aleksey Baqa gəldikdən sonra ümumiyyətlə, oynamırsan. Nəyə görə belədi?
- Türkiyədə təlim-məşq toplanışında zədələnmişdim. Demək olar ki, ayyarım məşqlərdən uzaq qaldım. Yavaş-yavaş özümə gəlirəm. Qarşıdakı oyunlarda şans verilsə oynaya bilərəm.
- Qarşıdakı mövsümdən “Turan Tovuz”un Premyer Liqaya yüksələ biləcəyi ehtimal edilir. Karyeranı doğma rayonunda davam etdirmək şansın və ya istəyin var?
- Açığı, mənim və ya kiminsə ora getməyi yox, əsas “Turan Tovuz”un Premyer Liqaya gəlməsidi. Bunu ən çox istəyənlərdən biri də mənəm. İndi hansısa komandaya getmək barədə düşünmürəm. Çünki turnir cədvəlində vəziyyətimiz heç də ürək açan deyil. Fikrim ancaq “Sumqayıt”ın yaxşı nəticə qazanmasına yönəlib.
Mirbağırağa