Finlandiyanın “Honka” klubunun video -analitiki, U-17 və U-20 komandalarında isə baş məşqçi kimi fəalliyyət göstərən Sərxan Hüseynov Sportal.az saytına açıqlama verib. Həmyerlimiz Finlandiyadakı işlərindən və onun üçün yaradılan şəraitdən söz açıb:
“Finlandiyada işlərim normal gedir. U-20 komandamız “ölüm” qrupundadı. İlk 4 oyundan sonra 3 qələbə qazanıb, 1 dəfə uduzmuşuq. Bizim üçün böyük nəticədi. U-17 komandamla isə ilk oyunu keçirmişik.
Finlandiyada məşqçilik etməkdən çox xoşbəxtəm. A kateqoriyasını oxuyuram, gələn ay Şotlandiyada Edinburq şəhərində son məşqimizdi. Onunla da A kateqoriyasını almış olacam. İlyarımdı ki, Şotlandiya Futbol Federasiyası tərəfindən təşkil olunmuş kursda iştirak edirdim.
Burada uşaq futbolundakı şərait yüksək səviyyədədi. Bəzi mütəxəsislər buradakı şəraiti top ölkələrindəki şəraitlə müqayisə edirlər. Halbuki burada havalar çox soyuqdu, ancaq yaradılan şərait əladı.
Azərbaycanda uşaq futbolu inkişaf etməlidi, akademiyalarımız da həmçinin. Öz ölkəmizdə yetişməlidi uşaqlar, ya da onları lap uşaq vaxtlarında xaricə göndərmək lazımdı. Finlandiya çempionatının keyfiyyəti o qədər yüksək deyil. Amma hər il fin oyunçular Avropaya yollanır. Bu da Finlandiya millisinin inkişafına gətirib çıxarır. Azərbaycan da eyni yolu getməlidi. Uşaq futboluna, gənc futbol akademiyalarına diqqət edilməlidi. Premyer Liqa səviyyəsi çox yüksəlməsə də, futbolumuz üçün bayaq dediklərimi etmək gərəkdi. Gənclər xaricə göndərilməlidi. Azərbaycanda istedadlı uşaqlar buradakından daha çoxdu. Üstəlik, ölkəmizdə uşaqların futbolçu olmaq həvəsi də yüksəkdi. Sadəcə sistem onlara kömək etmir. Uşaq futbolunun inkişaf etmədiyi ölkələrdə belədi. Uşaqlar və məşqçilər üçün şərait qurmaq lazımdı. Bu ikisinə nail olduğumuz zaman Azərbaycandan bacarıqlı futbolçular çıxacaq. Uşaqların yetişməsi üçün şərait olmalıdı. Meydançalar olmalıdı. Bildiyim qədərilə bizdə yoxdu. Son 6-7 ildə necədi, bilmirəm. Məşqçilərə dəyər verilməlidi. Finlandiyada insanlar yalnız məşqçilik etməklə yaşaya bilir, başqa işə ehtiyac duymur. Ancaq Azərbaycanda belə deyildi”.
Uzun illərdi ki, artıq Finlandiyada işləyən Hüseynov “Qarabağ”ın bu ölkədə klublar üçün nümunə olduğunu bildirib: "Azərbaycan Premyer Liqasının ən böyük üstünlüyü "Qarabağ" kimi komandanın bu liqada oynamasıdı. Bu komanda avrokuboklarda böyük uğurlar qazanır. Digər klublar da “Qarabağ”ı izləməlidi, onlar üçün yol göstərən klub var. “Qarabağ” Premyer Liqanın vacib dəyəridi. Finlandiyada klubların əsas heyətləri akademiyalardan yetişən oyunçulardan təşkil olunur. Azərbaycanda isə belə deyil. Ən böyük fərq də budu.
“Qarabağ”ın uğurları Finlandiyada izlənilir. Məsələn, “Helsinki” futbol klubu onları izləyir, bilirəm. Çünki Azərbaycan və Finlandiya liqaları səviyyəcə bir-birindən o qədər də fərqlənmir. Amma “Qarabağ” bu cür liqada da Avropada uğur qazana bilir. Finlandiya bu cür komandaları izləyirlər ki, eyni şəraitdə onlar necə uğur qazana bilər. “Qarabağ”ın uğurları Finlandiyada çox danışılır, araşdırılır, öyrənilir. Ki, eyni səviyyədə olan liqada mübarizə aparan klub fərdi olaraq necə olur ki, Avropada uğur qazanır”.
Mirbağırağa