"Spartak" yetirməsi olan Elnur İbrahimov hazırda Azərbaycanda 1-ci divizionunda çıxış edən “Zaqatala” forması geyinir. Sportal.az saytına müsahibə verən “Lokomotiv”in sabiq futbolçusu Azərbaycana gəlməsindən, buradakı perspektivindən söz açıb.
- Necə oldu ki, Rusiyadan Azərbaycana, özü də 1-ci liqaya gələsi oldun?
- Azərbaycan Premyer Liqasındakı çıxışım kompensasiyaya görə alınmadı. Ona görə də 1-ci divizionda oynamağı təklif etdilər. Birinci divizionda oynadıqdan sonra yüksək liqa klublarına keçəndə kompensasiya tələb olunmayacaq. Yaya kimi burada oynayacam. Mövsüm sonunda təklif olarsa, Premyer Liqada oynayacam.
- Premyer Liqadan hansı klublar sənə təklif göndərmişdi?
- Bir çox komanda maraqlanırdı. Ən real təklif isə “Sabah”dan olmuşdu. Bu, ötən qış idi. Yayda isə “Səbail”dən təklif oldu. Amma dediyim kimi kompensasiyaya görə transfer baş tutmadı.
- Rusiyadan necə, təklif olmamışdı?
- Var idi. Rusiya 2-ci liqasında mübarizə aparan komandalardan təklif almışdım. Amma qərara aldım ki, elə ən yaxşısı vətənimdə oynamaqdı. Üstəlik, hazırda Rusiyada vəziyyət stabil deyil.
- “Spartak”ın yetirməsisən. Yəqin ki, məqsədlərin arasında Azərbaycan 1-ci divizionda oynamaq yox idi...
- Premyer Liqada oynamaq istəyirəm. Amma olur da, futboldu. İşləməyəcə davam edəcəm. Əsas kompensasiya məsələsindən qurtulmaqdı. Yayda belə olacaq. Məqsədim, daha da inkişaf edib, yeni sezondan Premyer Liqa klubuna keçməkdi. Əlbəttə ki, gələcək məqsədlərim arasında artıraraq Azərbaycanın əsas millisinə dəvət olunmaq da var.
- Azərbaycan 1-ci divizonunun səviyyəsi hansı durumdadı?
- Rusiya 2-ci liqası səviyyəsindədi. Yaxşı mübarizə gedir, hər şey normaldı.
- Azərbaycan Premyer Liqasını da yəqin izləyirsən. Çempionatı bəyənirsən?
- Premyer Liqa yaxşı səviyyədədi. Xüsusən də “Qarabağ” seçilir. Ümidvaram ki, qarşıdakı mövsüm çempionatda daha çox klub olacaq.
- Azərbaycan futbolunda sənin üçün maraqlı gələn nə idi?
- Elə bir şey olmadı. Artıq Azərbaycan futboluna öyrəşmişəm. Axı mən tez-tez Azərbaycanın U-17 və U-19 yığmaları üçün Bakıya gəlirdim. Burada özümü yaxşı hiss edirəm. Dediyim kimi, məqsədlərim var və onların arxasınca gedəcəm.
Mirbağırağa