Milli komandamızın sabiq üzvü Amit Quluzadənin bir neçə gün əvvəl “Stadl-Paura” klubuna keçməsi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi artıq Avstriya klubunda debüt edib. O, evdə “Union Gurten”ə qarşı keçirilən matçda debüt edib və assistlə yadda qalıb. Yeni klubuna keçidi və debütü barədə saytımıza danışan Amit bu ölkədəki məqsədlərindən söz açıb:
“Komandada hər şey yaxşıdı. Kollektiv də məni yaxşı qarşıladı, ab-hava normaldı. İngilis dilində bildiyim üçün heç bir problemim yoxdu. Demək olar ki, hamı ingiliscə danışa bilir”.
Quluzadə, klubun ona yaratdığı şərait haqda isə bunları deyib: “Yaşadığım şəhər Vyanadan 2 saat uzaqlıqdadı. Hələlik, bazada qalıram. Burada şərait yaxşıdı. Heç ev tutmağa da gərək yoxdu. Çünki bazada bütün şərait var”.
“Kollektivlə 3 məşq etmişəm. Komandada demək olar ki, tam olaraq dəyişib, bütün oyunçular yenidi. Serbiya, Cənubi Koreya, Braziliyadan legionerlər var. Fasilədən sonra ilk oyunumuz dünən oldu. Təəssüf ki, 1:2 hesabı ilə uduzduq. Rəqibimiz hazırda çempionatın liderlərindəndi. Uduzsaq da, pis oynamadıq. Mənim üçün də yaxşı alındı. İlk oyunumdaca assist etdim. Daha da yaxşı olmağa çalışacam” deyə, Amit Quluzadə fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Amit Quluzadənin komandası hazırda Regional Liqada 17 komanda arasında sonuncudu.