"Gəncədəki oyunlarımızı xatırlayıram, nə qədər azarkeş gəlirdi, oyunlarımız çox maraqlı keçirdi" - MÜSAHİBƏ

11:56 - 14 Mart 2022

"Keşlə"nin kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 19-cu turu çərçivəsində "Səbail"ə 3:0 hesabı ilə qalib gəldiyi oyunundan və Şamaxıya köçməklərindən danışıb.

- "Səbail"i səfərdə məğlub edə bildiniz. 3:0 hesabı özünüz üçün də gözlənilməz olmadı?
- Yaxşı hazırlaşmışdıq. Çünki bilirdik ki, onlar da qələbə qazanmaq istəyir. Ki, xal fərqi azalsın. Ağır olacağı məlum idi. Əslində, "Səbail" ilk dəqiqələrdən yaxşı başlamışdı. Biz də məşqlərdə etdiklərimizi oyunda həyata keçirməyə çalışdıq. Şükür Allaha bu da alındı. Bəlkə də daha çox qol vura bilərdik. “Səbail”in də şansları oldu, qol da buraxa bilərdik. Əsas odur ki, qalib gəldik. Bu, gələcək oyunlar üçün əlavə motivasiyadı.

- Əvvəllər bu komandaya qalib gəlmək elə də asan olmurdu. İndi isə demək olar ki, ancaq məğlub olurlar. Onlara qarşı indi oynamaq, qalib gəlmək asanlaşıb?
Yox, deməzdim ki, asanlaşıb. "Səbail"in "Neftçi" və "Zirə"yə qarşı oyunlarını analiz etmişdik. Həqiqətən yaxşı oynamışdılar. Qol şanslarını dəyərləndirməyə çalışırdıq. Bunlar olduqca, rəqib də istər-istəməz məcbur olub, açıq futbol oynayır. Biz də onları əks-hücumda tutmaq istəyirdik. Əsas odur ki, qalib gəldik. Çempionatda asan rəqib yoxdu.

- "Keşlə" adı ilə son oyununuza çıxmışdınız. Bu mənada, bu adla son oyunu qalib başa vurmaq önəmli idi, yoxsa önəmi yox idi?
Azarkeşlərimizi sevindirmək istəyirdik. 90 dəqiqə bizə dəstək oldular. Onsuzda qalib gələndə də, uduzanda da bizə dəstək olurlar. Son oyunumuzda onları sevindirə bildik.
 

- Mövsümün qalan hissəsini "Şamaxı" adı altında oynayacaqsınız. Artıq yeni formalarınız hazırdı? Yəqin ki, mövsümün gedişində klubun adının dəyişməsi, başqa şəhəri təmsil etmək sizin üçün də həyəcanlı olacaq?
Yəqin ki, formalarımız hazırdı. Bu işlərlə adminstrator məşğul olur. Şamaxıdakı oyuna qələbə ilə getmək bizə motivasiya verir. Evdə “Sumqayıt”ı qəbul edəcəyik. Onlarla xal fərqimiz çox azdı. Həmin oyunda da qalib gələrək Şamaxıdakı azarkeşlərimizi sevindirmək istəyirik.

- Şamaxıda yaşayacaqsınız, yoxsa oyundan 1 gün əvvəl ora gedib, oyunu oynayıb qayıdacaqsız?
Bizə heç nə deyilməyib. Yəqin ki, oyuna 1 gün qalmış gedib məşq edib, oynayıb qayıdarıq. Geniş məlumat verilməyib. Bəlkə mövsümün sonuna qədər belə olacaq, gələn mövsümdən komanda orada məskunlaşacaq. Bilmirəm.​

-  Komanda qarşıdakı mövsümdən Şamaxıda məskunlaşarsa orada qalacaqsan? Yəni komandanın bölgəni təmsil etməsi sənin üçün problem deyilki?
- Həmişə demişəm, bölgələrimizdə böyük futbol olarsa, daha yaxşıdı. Orada azarkeşlər oyuna çox gəlir. Bu da çempionata marağı artırır. Azarkeşlərin çox olması oyunlara daha çox maraq qatır. Allah qoysa, komandaların sayı çoxalar, digər bölgələrimizdə də komandalar olar. Mənə heç bir problem yoxdu. Bakıda oynadıq, ya rayonda oynadıq. Üç il Gəncədə oynamışam, 3-4 gün əvvəl gedib qalırdıq. Problem deyil. Müqavilə haqda heç nə deyilmir. Mayda hamımızın müqaviləsi bitir, bu haqda danışıq olmayıb. Hər şeyi zaman göstərəcək. Bölgə komandası olsa da heç bir problem yoxdu. Hansı komandada oynayıramsa, əlimdən gələni edirəm. Peşəkar futbolçuyuq, əməkhaqqı alırıqsa, biz də əvəzini verməyə çalışırıq. Şamaxıda qalıb-qalmayacağımızı zaman göstərəcək. Bölgə komandalarının sayı nə qədər çox olsa, çempionatımız daha da maraqlı olar. Tovuz, Gəncə, Zaqatala, Lənkəran təmsilçilərinin də tez bir zamanda Premyer Liqaya qayıtmasını istəyərdim. Gəncədə 3 il oynadım, orada azarkeşlərin futbolu necə sevdiyini gördüm. Nə qədər azarkeş gəlirdi. Gəncədəki oyunlarımız çox maraqlı keçirdi. Allah qoysa, onları yenidən Premyer Liqada görərik.

Mirbağırağa

Xəbər xətti