"Roma"nın sabiq futbolçusu: "Qarabağ"la danışığım olmuşdu, "Xəzər Lənkəran" məni pulsuz buraxmaq istəmirdi" - MÜSAHİBƏ

14:37 - 16 Mart 2022

Azərbaycan Premyer Liqasında çıxış etmiş və ən yaddaqalan rumıniyalılardan olan Adrian Pit Sportal.az saytına müsahibə verib. 2007-2010-cu illərdə “Roma”da oynadıqdan sonra 2011-ci ildə “Xəzər Lənkəran”da çıxış etmiş müdafiəçi müsahibəsində Azərbaycandakı çıxışını xatırlayıb.

- Hazırda nə işlə məşğulsan?
- Hələ də oynayıram. Formamı saxlamaq və artıq kilo almamaq üçün oynayıram.

- Vaxtilə “Roma”da oynadıqdan sonra “Xəzər Lənkəran”a keçmişdin. Həmin vaxtı bu transfer necə baş tutmuşdu?
- “Roma”da oynadıqdan sonra Rumıniyaya qayıtmışdım. "Universitetya Kluj"da idim. Ondan sonra menecerim mənə “Mirça Rednikin komandasında oynayarsanmı?” sualını vermişdi. Mən də razılaşdım və “Xəzər Lənkəran”da oynamağa başladım.

- “Xəzər Lənkəran”ın heyətində oynadığın hansı matçı, hansı qolu daha çox xatırlayırsan?
- “Qəbələ”yə cərimə zərbəsindən vurduğum qolu daha çox xatırlayıram. Amma təbii ki, ən vacibi “Neftçi”yə vurduğum və komandamızın 2:1 hesabı ilə qalib gəldiyi oyundakı qoldu.

- Azərbaycandan ayrıldıqdan sonra qayıtmaq şansın olmuşdu? Başqa klublardan təklifin olmuşdu?
- “Bakı” və “Qarabağ”la kontaktlarım olmuşdu. Amma “Xəzər Lənkəran” məni pulsuz buraxmaq istəmirdi. Onlar mənə görə bir az pul istəmişdi. Mən də Rumıniyaya qayıtmağı üstün tutdum.

- “Xəzər Lənkəran”ın UEFA-ya heç bir borcunun olmadığı deyilir. Hər halda klub UEFA-ya yox, futbolçulara borclu olur. Sən də borclu olduqları futbolçulardansan? Klub sizə bütün pulu ödəyib?
- “Xəzər Lənkəran”dan bütün pullarımı aldım. Oradan ayrılmamışdan qabaq anlaşmamız oldu. Yəni, onların mənə verəcəyi yoxdu.

- Ötən mövsüm “Neftçi”nin çempionluğuna baxmayaraq, “Qarabağ” Azərbaycanda uzun illərdi ki, hegemonluq edir. Səncə, bu necə baş verdi?
- “Qarabağ” geridə qalan bütün bu illər ərzində ən ciddi klubdu. Amma bu, əvvəldən orada olan Qurban Qurbanov, həm də oyunçuları gətirən və onun işini mükəmməl şəkildə yerinə yetirməsinə imkan yaradan ətrafdakı insanların sayəsində oldu.

- Uzun müddətdir ki, Azərbaycan klubları rumıniyalı futbolçu transfer etmir. Səncə, bu nə ilə əlaqədardı?
- Ola bilər ki, orada artıq rumıniyalı məşqçilər çalışmır.

- “Xəzər Lənkəran” fəaliyyətini yenidən bərpa edə bilər. Daha doğrusu, “Xan Lənkəran” adlı klub adını “Xəzər Lənkəran” olaraq dəyişəcəyi ehtimal edilir. Bundan xəbərin var?
- Ümid edirəm ki, onlar tezliklə Premyer Liqaya qayıdacaq. “Xəzər Lənkəran”ın Premyer Liqada oynamağa ehtiyac olduğu kimi, çempionatın da onlara ehtiyacı var. Onlar yüksək liqada oynamağa layiqdi.

- Səncə, “Xəzər Lənkəran”ın ikinci qayıdışı daha uğurlu ola bilər? Bunun üçün nə lazımdı?
- Lənkəranda insanlar futbolla nəfəs alır və əminəm ki, bu klub Premyer Liqaya qayıdacaq. Onlara yaxşı baş məşqçi və oyunçulara ehtiyacı var. Əminəm ki, Mirça Rednik nə vaxtsa “Xəzər Lənkəran”a qayıdacaq. Çünki lənkəranlılar onu çox sevir. İstənilən halda həmin vaxtı orada Mirça Rednik, Mihai Teja və Canni Melkiore kimi məşqçilər var idi, klub yaxşı təşki olunmuşdu. Amma bundan sonra onunla nə baş verdiyini bilmirəm, çox dəyişib. “Xəzər Lənkəran” və lənkəranlılar hər zaman ürəyimdə qalacaq. Allah qoysa, bir gün bu klub Premyer Liqaya qayıdar. 

Xəbər xətti