Avropada oynayan azərbaycanlı: "İsveç və Niderland klubları təklif göndərsə də..."

15:09 - 17 Mart 2022

"Savedalens"də çıxış edən azərbaycanlı futbolçu Ayxan Cabbarov Sportal.az saytına açıqlama verib. Karyerasını İsveçdə davam etdirən yarımmüdafiəçi hazırki durumu ilə bağlı danışıb. O, mövsümü öz klubunda keçirəcəyini söyləyib:

"İkinci liqa matçları apreldə başlayacaq. İndi isə kubok matçlarını oynayırıq. Qrup şəklində keçirilir matçlar, biz də hər 3 matçda qalib gəlmişik, lider olduq qrupda. Hər üç oyunu start heyətində oynadım, 1 qol vurdum, 2 assist etdim. İndi komanda ilə birlikdə toplanışdayıq. Kubokun növbəti oyunlarına hazırlaşırıq. Bu mövsümü "Savedalens"də keçirəcəm. Yeni transferlərimiz var, bu mövsümü 1-ci diviziona vəsiqə qazanmaq üçün mübarizə aparacağıq".

"Sumqayıt"ın düşərgəsində olduqdan sonra İsveç və Niderland klublarından da təklif almış azərbaycanlı futbolçu gələcək karyerası üçün doğru seçim etmək arzusunda olduğunu bildirib: "İsveçdən GAİS və Niderlanddan "Den Boş" klubları maraqlandı mənimlə. Onlar təklif göndərsə də, şərtlər bizi razı salmadığına görə "Savedalens"də qalmağa üstünlük verdim. Dediyim kimi indiki komandama kömək etmək üçün fokuslanmışam, daha sonra yeni təklifləri gözdən keçirəcəm".

Xəbər xətti