Qurbanov: "Keşlə" karyeramın zirzəmisi idi" - MÜSAHİBƏ

16:36 - 18 Mart 2022

Bir neçə gün öncə Nicat Qurbanovun aktiv futbolçu karyerasını başa vurduğu barədə xəbər vermişdik. “Neftçi”, “Simurq”, “Kəpəz”, “Zirə”, “Sumqayıt” klublarında oynamış Qurbanov artıq məşqçiliyə də başlayıb. Sportal.az saytına müsahibə verən Nicat futbolçu karyerasını nəyə görə sonlandırdığını və məşqçilik karyerasındakı məqsədlərindən danışıb.

- Futbolçu karyeranı artıq sona çatdırdın. Niyə bu qərara gəldin? Təkliflər olmadığına görə, yoxsa artıq oynamaqdan bezmişdin?
- Evdə oturub gözləmək məndə alınmadı. Buna vaxt və imkan yol vermir. Artıq 30 yaşım var və bu gün təklif gəlmirsə, bu artıq yeni səhifə açmağın zamanının gəldiyinin siqnalıdı.

- “Keşlə”də çox da oynamaq şansı tapmadın. Karyeranı sona çatdırmaqda “Keşlə” və Sənan Qurbanovun hansısa təsiri olduğunu düşünürsən?
- Ümumiyyətlə, hər futbolçunun həyatında səhv seçimləri olur. Düşünürəm ki, “Keşlə” həyatımın ən səhv qərarı idi. Sənan Qurbanovun gəlişi isə başqa bir dərddi. Amma burada “Keşlə” və Sənan Qurbanov barədə danışmaq istəmirəm. Çünki yalnız zaman yalnış idi və özüm də yalnış yerdə idim. Bu da mənim üçün təcrübə oldu.

- Azərbaycandan heç bir klubun sənə ehtiyac duymamasını nə ilə əlaqələndirirsən? Qarşıdakı mövsüm klubların sayının artacağını nəzərə alsaq, karyeranı bərpa etmək fikri yarana bilər səndə, yoxsa qəti qərarındı?
- Azərbaycanda bir neçə klubda oynamışam. Futbol camiəmiz də balacadı, hamı bir-birini tanıyır. Lazım olsaydı çağırardılar. Bu gün qərarım budu, geri dönməyim çox çətin olar. Demək olar ki, 6-7 aydı oynamıram və yaya qədər olan vaxtı da üstünə gəlsək, bir il deməkdi.

- Karyeranda “Neftçi”, “Zirə” kimi komandalarda da oynamısan. Karyeranda eniş nöqtəsi hansı idi? 
- “Sumqayıt”da olanda gözəl kollektivimiz var idi. Sadəcə orada az oynayırdım. Düşünürəm ki, karyeramda eniş “Sumqayıt”dan başladı. Amma “Samtrediya”ya keçəndə tam fərqli dönəm yaşadım. “Keşlə” isə karyeramın zirzəmisi idi.

- Bir müddət əvvəl də karyeranı sona çatdırdığını şəxsi facebook səhifəndə açıqlamışdın, sanki sənə diqqət daha çox artdı və sonradan Gürcüstana yollandın, karyerana orada davam etdin. Belə bir şey yenidən olsa, necə?
- Bu barədə düşünmürəm. Sona qədər də karyeramı bitirdiyimi açıqlamayacaqdım. Sevimli işimə geri qayıtdım, ancaq məşqçi kimi. Bunu da elan etdim.

- Məşqçiliyə də artıq başlamısan. “Beşiktaş” futbol məktəbində işə başlamağın necə alındı?
- Azərbaycan “Beşiktaş” futbol məktəblərindən cavabdeh şəxs Kadir Özdən təklif gəldi. Onunla görüşdük, danışdıq. Düşündüm ki, məşqçi kimi başlamaq üçün yaxşı yerdəyəm.

- Məşqçi kimi artıq indidən planların və xəyalların var? Daha çox akademiyada uşaqlarla çalışmaq istəyirsən yoxsa, əsas komandalarda baş məşqçi işləmək arzun var?
- Xəyallar deməzdim, məqsədlərim var. Öyrənməli və oxumalı çox şeylər var. Baş məşqçi olmaq şərəfli və çətin işdi. Hər Pro kateqoriyası olan adam da bu işi bacarmır. Ümid edirəm ki, layiq olduğum yerə çataram.

Xəbər xətti