- "Səbail" uzun müddətdir ki, qələbə qazana bilmir. Qələbə üçün yəqin özünüz də darıxmısız. Səncə, niyə qələbə qazanmaq alınmır?
- Nə bilim, nəsə alınmır qalib gəlmək. Əlbəttə ki, uduzmağı biz də istəmirik. Məğlubiyyətlər davam etdikcə bu, komandaya psixoloji sarıdan təsir edir. Sonuncu yerdən qurtula bilmirik. Müəyyən səbəblər var ki, komandanın qələbə qazanmasına problem yaradır.
- Tez-tez komandanın maddi sıxıntılar çəkməsi, futbolçuların maaşı vaxtında ala bilməməsi ön plana çıxırdı. İndi necə, maaş və maddi sarıdan sıxıntınız var?
- Maddi sarıdan heç bir problemimiz yoxdu. Bugünkü gündə qələbə qazanmaq komandaya yaxşı təsir edəcək. Biz də bunun üçün çalışırıq.
- Bu gün "Sabah"la qarşılaşacaqsınız. Onları səfərdə məğlub etmək mümkün olacaq?
- "Sabah" yaxşı formalaşmış komandadı. Onların gücü də hamıya bəllidi. Səfərdə oynayırıq deyə, çətin olacaq. "Sabah"ın heyətində güclü futbolçular var. Amma biz əlimizdən gələni edəcəyik ki, xal qazanaq. Var gücümüzü meydanda qoymalıyıq ki, uğursuz tilsimə son qoyaq.
- Maraqlıdı, Əfran İsmayılovla məlum videodan sonra klubdaxili hər hansı toplantı keçirildi, baş məşqçi necə yanaşdı məsələyə?
- Əfranla həmin video bəzi yerlərdə bir az şişirdildi. Bəziləri artıq və əlavə boş-boş yazılar yazmışdı. Yəni, heçnədən şişirdildi məsələ. Amma anlayışla qarşılayanlar da çox oldu. Halbuki adi zarafat idi. Hamı bilir ki, Əfran İsmayılovla uşaqlıqdan birlikdə böyümüşük. Onunla adi zarafat etdik. Böyük problem yox idi, sadəcə artıq yazanlar olmuşdu.
- Mövsüm sonunda karyeranı sona çatdırmaq haqda düşünürsən, yoxsa hələ tez olduğu fikrindəsən?
- Karyeramı sona çatdırmaq barədə heç nə fikirləşmirik. Qismət, görək necə olacaq.
- Azərbaycan Premyer Liqasındakı bu mövsümki mübarizəni necə şərh edərdin? Səncə, çempionun adı artıq məlumdumu?
- Şəxsi fikrimdi ki, "Qarabağ" bu il artıq çempiondu. Yəqin ki, çempionluğu daha tez rəsmiləşdirəcəklər. Digər komandalar isə avrokuboklar uğrunda mübarizə aparacaqlar.
Mirbağırağa