"Hələ ki, Azərbaycan və Latviya çempionatları arasında fərq hiss etməmişəm" - MÜSAHİBƏ

15:15 - 19 Mart 2022

"Neftçi"dən "Dauqavpils"ə icarə əsasında keçən Asim Əlizadə artıq Latviya çempionatında debüt edib. Sportal.az saytına müsahibə verən yarımmüdafiəçi həm Latviya çempionatındakı debütündən, həm də U-21 yığmasına dəvət edilməsindən danışıb.

- İlk turda Latviya çempionatında debüt etdin . Necə alındı debütün?
-
Bəli, debüt etdim Latviya çempionatında. İlk oyundaca oynamaq şansı qazandım. Bu da məni sevindirdi. Normal alındı hər şey. Hər şey də qaydasındadı.

- Bu gün komanda ikinci turda "Rigas Şkola" ilə qarşılaşacaq. Bu matçda necə, qalib gələcəyinizə inanırsan?
- Əlbəttə ki, hər komandaya qarşı oyunda qalib gələ bilərik. Niyə də olmasın? Sadəcə özümüzə inamlı, istəkli olub, sona qədər mübarizə aparmalıyıq.

- Ümumiyyətlə, Latviya çempionatının səviyyəsi necədi, mübarizə hansı durumdadı? 
- Çempionatın səviyyəsi yaxşı durumdadı. Mən Latviya çempionatını çox bəyəndim. İlk ev oyunumuza yetərincə azarkeş gəlmişdi. Mübarizə də öz yerində idi. Döyüşkən futbol oynanılırdı. 

- Azərbaycan Premyer Liqası və Latviya çempionatları arasında hansı fərqlər olduğunu düşünürsən?
- Fikrimcə, Azərbaycan Premyer Liqası və Latviya çempionatı arasında fərq yoxdu. Hər iki çempionat sürətli və tempi olan turnirdi. Ona görə də iki liqa arasında hələ ki, fərq hiss etməmişəm.

- 21 yaşlılardan ibarət yığma komandamız Estoniyanı ilə qarşılaşacaq. Sən də yığmağa dəvət edilənlər sırasındasan. Necə düşünürsən, yığma heç olmasa estonları məğlub edə biləcək?
- Sağolsun məşqçilər, məni də yığmaya dəvət etdilər. İnanıram ki, komanda olaraq birlikdə Estoniyaya qarşı yaxşı mübarizə aparıb qalib gələcəyik.

- Latviya millisi isə Azərbaycanla qarşılaşacaq. Orada matç haqda danışırlar? Necə düşünürsən, Latviya yığması Azərbaycana qalib gələ bilər?
-
Açığı, hələ bizim komandada bu matç barədə söz-söhbət olmayıb. Ancaq həm Azərbaycan millisində, həm də Latviya yığmasında kifayət qədər yaxşı futbolçular var. Ümid edirəm və inanıram ki, bu oyundan biz qalib ayrılacağıq.

Mirbağırağa

Xəbər xətti