"Sabah"ın yeni transferi: Yığmamızın formasını geyinmiş futbolçunun tanışı, sabiq "Napoli"linin komanda yoldaşı - FOTOLAR

12:39 - 22 Mart 2022

"Sabah" dünən heyətinə daha bir legioneri cəlb etdi. Sportal.az xəbər verir ki, Masazır təmsilçisi son olaraq "Vorskla"da oynamış Lukas Rangellə müqavilə imzaladı. Braziliyalı futbolçunun karyerasına nəzər saldıqda, vətənindən ayrıldıqdan sonra və Azərbaycana gələnə qədər 4 fərqli ölkədə oynadığını görmək mümkündü.

Rangel bir mövsüm ərzində ən çox 2017/2018 mövsümündə Avstriya 2-ci Bundesliqasında “Kapfenberger” formasında qol vurub (30 matçda 9 qol). Rangel azərbaycanlı futbolsevərlər üçün tanış sima olmasa da, Azərbaycanda oynamış və hazırda da oynayan legionerlər arasında onu yaxşı tanıyan futbolçular var.

Sabien Lilay 

Lukasın Avropadakı ilk komandası "Kukesi" olub. O, bu komandada Lilayla komanda yoldaşı olub. 2018-ci ildə "Qəbələ"də çıxış etmiş albaniyalı futbolçu sonradan ölkəmizi tərk etmişdi. Hazırda "Dinamo"da (Tirana) oynayan Lilay "Sabah"ın yeni transferi ilə 2016/2017 mövsümündə birlikdə çıxış edib. 



Cem Felek

Bir vaxtlar gələcəyinə böyük ümidlər bəslənilən Cem Felek hazırda Almaniyada həvəskar liqada çıxış edir. Ancaq karyerasının normal durumda olduğu vaxtda Lukasla birlikdə oynayıb. Azərbaycanın U-17, U-19 yığmalarında çıxış etmiş Felek 2019-cu ildə Finlandiyanın "KuPS" klubunda Rangeli tanıyıb.




İqor Tarasovs

Bir neçə gün sonra Azərbaycana qarşı keçiriləcək yoxlama görüşü üçün Latviya millisinə dəvət alan İqor Tarasovsun da yolu ölkəmizdən keçib. Latviyadan ayrıldıqdan sonra ölkə xaricindəki ilk klubu “Simurq” olan 33 yaşlı futbolçu Lukası daha yaxından tanıyanlardandı. Hazırda "Etnikos Axna"da çıxış edən Tarasovs 2020-ci ildə "KuPS"da birlikdə oynayıb.



Gökhan İnler

2020-ci ildə Finlandiyadan ayrılaraq Türkiyəyə yollanan Lukas "Adana Dəmirspor" forması geyinməyə başlamışdı. Türkiyə 1-ci divizionunda meydana çıxdığı 7 oyunda 1 qol vurmuş forvardın bu ölkədəki karyerasının uğurlu alındığını söyləmək olmaz. Qışda "KuPS"a dönən Rangel “Udineze”, “Napoli”, “Lester”, “Beşiktaş” klublarında oynamış Gökhan İnlerlə dostlaşmışdı.



Mixeil Erqemlidze

"Sabah"da Lukasın nəyə qadir olduğunu ən yaxşı bilən Mixeildi desək, yəqin yanılmarıq. Çünki braziliyalı gürcü futbolçu ilə "Adana Dəmirspor"da komanda yoldaşı olub. Erqemlidze Adana təmsilçisinin heyətində rəsmi oyuna çıxmayıb. Amma Rangellə birlikdə adının "18liy"ə daxil edildiyi matçlar olub.




Yuri Maksimov

"Keşlə"yə Azərbaycan kubokunu qazandırmış və 2018-ci ildə ölkəmizi tərk etmiş Yuri Maksimov hazırda “Vorskla”nın baş məşqçisidi. Rangelin son çalışdırıcısı da məhz Maksimov olub. 

Xəbər xətti