Vaxtilə Azərbaycan futbolunda gələcəyinə böyük ümidlər bəslənilən futbolçulardan biri də Mirkamil Həşimli olub. "Neftçi" yetirməsi, "Fənərbağça"da da oynamış Həşimli karyerasını erkən başa vurmalı oldu.
Sportal.az saytına müsahibə verən Həşimli futbolçu karyerası ilə bağlı verdiyi qərardan və hazırki fəaliyyətindən söhbət açıb.
- Hazırda nə işlə məşğul olursan?
- Bizneslə məşğulam, obyektim var. Bir də, maşınlarım var taksi xidmətinə icarə vermişəm. Elə oranın işlərilə məşğulam.
- Bir ara futboldan sonra qaydasız döyüşlə məşğul olurdun. Həmin idman növünün arxasınca getdin?
- Əslində, qaydasız döyüşlə peşəkar məşğul olmaq üçün başlamamışdım. Qaydasız döyüşçü dostlarım var, onlarla məşq edə-edə məni təriflədilər ki, "yaxşısan, yarışa çıx". Ona görə yarışlara çıxırdım. Həm də peşəkar yarışlara çıxırdım. Amma indi yalnız məşq edirəm, yarışlara çıxmıram.
- Ümumiyyətlə, futbol sahəsində özünü məşqçi və ya funksioner kimi sınamaq fikrin var? Yoxsa, futbol sahəsində olmaq istəmirsən?
- Futbol sahəsində nə məşqçi, nə funksioner, nə də hər hansı bir mövqedə özümü sınamaq istəyirəm. Futboldan tamamilə uzağam. 4-5 ildir ki, heç ayağımı bir dəfə də olsun topa vurmamışam. Futbol sahəsində haradasa olmağı da istəmirəm.
- Yəqin ki, sənin adın çəkiləndə əksəriyyət təəssüflə karyeranı başa vurmağını xatırlayır. Ümumiyyətlə, nəyə görə futbolçu karyeran bu qədər erkən sona çatdı?
- Əslində, konkret səbəbi də yoxdu. Xırda-xırda olan problemlər illər ərzində böyüdü və o da karyeramı bitirməyimə səbəb oldu.
- "Fənərbağça"da qalası olub, Azərbaycana gəlməsəydin indi ən azından Türkiyə Superliqasında oynayırdın?
- Onu deyə bilmərəm. Çünki heç vaxt bunu fikirləşməmişəm. Qalası olsaydım, necə alınardı, filan. Reallıq odur ki, Azərbaycana qayıtdım və karyeram burada alınmadı. Karyeramın alınmamasına görə pis olmamışam heç vaxt. Əsas odur ki, istər futbol aləmində, istərsə də futboldan kənar həyatda bütün insanların yanında başı yuxarıyam. Futbol mənim üçün heç vaxt ön planda deyildi. Həmişə dəyər verdiyim başqa şeylər olub.
- Veteran futbolçular deyir ki, "bir az məşq etsəm Premyer Liqada çıxıb oynayaram". Səncə də, indiki çempionatda oynamaq asandı, yoxsa necə?
- Məncə, elə danışmaq bir az düz çıxmır. Çünki illərdi ki, məşq etməyən adamın "bir az məşq edim, çıxıb oynayaram" deməsi hazırda oynayanlara hörmətsizlik kimidi. İndi oynayanlar da o qədər zəif deyillər ki, sən illərdi məşq etmə və 2-3 ay məşq et çıx oyna. Mən özüm oynaya bilmərəm.
- Azərbaycan Premyer Liqası kənardan necə görünür? Sənin üçün daha yaddaqalan və diqqətçəkən nədir çempionatda?
- Nəinki Azərbaycan Premyer Liqasına, mən ümumiyyətlə futbola baxmıram. Beş dəqiqə də olsun futbola baxmıram. Mənim üçün sıxıcı gəlir.
- Sənin üçün doğma sayılan "Neftçi" haqda hansı fikirdəsən? Ötən mövsüm çempion olan komanda hazırda liderdən çox uzaqdı. Səncə, niyə belədi?
- Dediyim kimi, futbola baxmadığıma görə hansısa fikir bildirə bilmərəm. "Neftçi"yə də Premyer Liqadakı digər komandalara da uğurlar arzulayıram.
- Karyerandakı ən böyük səhvi hansıdı?
- Karyeramda hər hansı səhvim olmayıb. Yəni, karyeramın alınmaması hər hansı səhvimlə əlaqə deyil. Futbol ortamında olmaq istəmirdim. İndi də heç futbol sahəsində yer almaq istəmirəm. Sevinirəm ki, futboldan uzaqlaşmışam.
- Son olaraq istəyirdim biləm, heç futbol adamlarından səninlə maraqlanan, futbola qayıtmağını istəyən var? Özün necə, dönmək istəyirsən, yoxsa futbolçu dəftərini bağlamısan çoxdan?
- Vallah, kiminsə mənimlə maraqlanmasına ehtiyacım da yoxdu. Şükür Allaha bütün işlərim qaydasındadı. Futbol vaxtından tanıdığım yaxşı kişilər, qardaşlar var, onlarla indiyə qədər dostluğumu davam etdirirəm. Futbol dəftərini isə bir də açılmamaq şərtilə bağlamışam. Heç vaxt futbola aid hər hansı yerdə olmaram.
Mirbağırağa