Azərbaycan millisinin sabiq üzvü: "Maraqlıdı, ehtiyatda oturan futbolçu özünü necə doğrulda bilər?" - MÜSAHİBƏ

20:45 - 24 Mart 2022

“Qəbələ” yetirməsi olan Sadiq Quliyev hazırda klubsuzdu. Bir müddət əvvəl “Maçindra” klubuna keçmək üçün Nepala yollanmış 27 yaşlı müdafiəçinin transferi baş tutmamışdı. “Qəbələ”dən savayı “Zirə”də də oynamış U-21 yığmamızın sabiq futbolçusu Sportal.az saytına müsahibə verib.

- Nepala "Maçindra" ilə müqavilə imzalamaq üçün yollanmışdın. Niyə alınmamışdı orada qalmağın?
- Doğrudu, Nepala getmişdim. Hər şey də qaydasında idi. Sadəcə sənəd məsələlərinə görə problem yarandı. Ona görə də geri qayıtdım.

- Azərbaycanda sənə təklif göndərən klublar varmı? 
- Premyer Liqa klublarının heç birindən təklif almamışam. Birinci liqadan təklifim var idi. Razılıq əldə olunmadı, gözləməyi seçdim mən də.

- Yayda necə, təklif olacağını düşünürsən? 
- Açığı, mən də ümidliyəm ki, yayda təkliflər olar. Onun üçün də çimərlik futbolu üzrə milli komandada və fərdi məşqlərimi davam etdirirəm. Ki, yayda təklif olarsa, tam hazır vəziyyətdə olum. Əsas fikrim Azərbaycanda qalıb, burada oynamaqdı.

- Bir ara Azərbaycanda perspektvili futbolçulardan hesab edilirdin. Gənc yaşda Premyer Liqada oynamışdın, hətta Azərbaycan yığması ilə 2017-ci ildə İslam Həmrəylik Oyunlarında qalib olmuşdun. Səncə, karyeranın istədiyin kimi getməməsi nə ilə bağlıdı?
-
​ Bir ara deyəndə ki, futboldu, yüksəlişlər də olur, enişlər də. Düz etdiyin zamanlar da olur, səhv etdiyin zamanlar da. Əsas odur ki, səhvlərdən nəticə çıxarasan. Bugünkü gündə oynamıramsa, komandasız qalmışamsa, demək ki, hardasa mən də səhvlərə yol vermişəm. Amma bu, son demək deyil. Hər şey irəlidədi. Futbolçuya daim inanmaq, şans vermək lazımdı ki, özünü doğrultsun. Mənim üçün maraqlıdı, oynamayan, ehtiyatda oturan futbolçu özünü necə doğrulda bilər? Dediyiniz kimi vaxtilə şans veriblər, inanıblar, İslam Həmrəylik Oyunlarını qazanmışıq. Bu gün inanmırlar, oynamırıq. Futbolda enişdə də ola bilərsən, yüksəlişə də keçə bilərsən. Əsas odur ki, özünəinamı itirməyəsən.

- Karyeranda ən səhv qərarın hansı olub?
- Artıq hər şey keçmişdə qalıb. Olanları yenidən yada salmağa dəyməz. İnamla gələcəyə baxmaq lazımdı. 

- Yetirməsi olduğun "Qəbələ" haqda hansı fikirdəsən? Ora yenidən qayıtmaq istəyərdin? 
- "Qəbələ" haqda danışılası çox söz var. Bu klubun futbol həyatımda ayrı yeri var. Necə deyərlər, mənim üçün dəyərli və doğma komandadı. Bu mövsüm həqiqətən də baxımlı futbol göstərirlər. Elmar Baxşıyev komandanı çox yaxşı formalaşdırıb. Komandanın uğur qazanacağına inanıram. Ora qayıtmağıma gəldikdə, komanda mənim üçün doğmadı. Ehtiyac olsaydı, yəqin ki, özləri təklif edərdi.

Mirbağırağa

Xəbər xətti