Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının yarımmüdafiəçisi Şakir Seyidov Sportal.az saytına müsahibə verib. O, yığma komandamızın AVRO-2023-ün seçmə mərhələsinin Estoniyaya qarşı keçirilən oyunu barədə danışıb.
- Yığma komanda Estoniyaya qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı?
- Sözsüz ki, qələbə qazanmaq həmişə xoşdu. Estoniyaya qarşı oyun bizim üçün uğur alındı. Ona görə də inamlı qələbə qazandıq.
- Hesabın bu cür olacağını ehtimal edirdiniz?
- Onsuzda oyunlardan əvvəl hesabı təxmin etmək çox çətindi. Biz özümüzə inanırdıq. İnamlı və layiqli də qələbə qazandıq. Yaratdığımız qol imkanlarından istifadə etdik. Belədə, hesab 3:0 xeyrimizə bitdi.
- İlk yarıda böyük üstünlüyünüz olsa da, qol vura bilmirdiniz. Qol vura bilmədikcə, daha da gərginləşirdiniz, yoxsa qalib gələcəyinizə tam əmin idiniz?
- Ümumiyyətlə, müdafiə olunan komandaya qarşı oynamaq daha ağır olur. Sözsüz ki, qollardan istifadə etmədikcə gərginləşmək normaldı. Ancaq biz bu oyunda təşvişə düşmədik, soyuqqanlı davrandıq. Səbrli oynayıb, ilk yarının sonlarına yaxın qolumuzu vurduq.
- U-21 yığmamız nəyə görə bundan əvvəlki matçlarda bu cür oynaya bilmirdi, rəqiblər güclü idi?
- Bütün rəqiblərə eyni gözlə baxırıq, eyni cür də hazırlaşırıq. Yəni, fərqi yoxdu rəqibimiz Estoniyadı, yoxsa Xorvatiya. Sadəcə olaraq, estonlara qarşı oyunumuz daha yaxşı alındı. Əvvəlki qarşılaşmalarda da oyunumuz pis alınmırdı, qol imkanlarımız olurdu. Sadəcə imkanlardan istifadə edə bilmirdik. Ancaq bu oyunda imkanları daha tez dəyərləndirib hesabı 3:0 etdik.
- Növbəti görüşünüz 2 gün sonra Belarusa qarşıdı. Yoxlama görüşündə də qalib gəlmək istəyirsiniz?
- Belarusa qarşı matçın yoxlama xarakteri daşımasının önəmi yoxdu. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Çünki Azərbaycanı təmsil edirik. Bacardıqca çox qələbə qazanmaqla komandamıza inam qazandırmaq niyyətindəyik. Allah qoysa, onu da bacaracağıq.
- Bundan sonra qrupda 3 oyununuz qalıb. 9 xal qazanmaq realdı?
- Bütün oyunlara ciddi hazırlaşacağıq. Qalan üç oyunun hamısında qalib gələ biləcəyimizə inanırıq. İlk növbədə Belarusla oyun var, indi həmin matçı düşünürük. Belarusla oyundan sonra qalan 3 oyuna hazırlığımız davam edəcək, məşqçilərimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq.
Mirbağırağa