"Dmitri Nazarov özünü elə aparır ki, elə bil onu milliyə yalvarıb gətiriblər"

14:55 - 27 Mart 2022

"Milli komandamızın Maltaya qarşı oyununu izlədim. Komandamız çox zəif təsir bağışladı. Məncə, acınacaqlı məğlubiyyət oldu. Millimiz son dönəmdə ən bərbad oyununu keçirdi. Ən azından əzmkarlıq, istək, həvəs də görmədim. Taktiki gedişlərdən danışmayacam. Çünki danışılası bir şey yoxdu. Milli komandada belə oynamaq olmaz”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Saşa Yunisoğlu deyib.

Azərbaycan milli komandasının sabiq futbolçusu yığmamızın hazırki durumunu dəyərləndirib. Yunisoğlu, Maltaya qarşı oynayan yığmanın hazırki vəziyyəti barədə bunları deyib:

"İlk növbədə millimizin futbolçularının Maltanı dəyərləndirmədiyi göründü. Hələ Maltaya getməmişdən əvvəl çoxu rəqibə neçə qol vuracağımızdan danışırdı. Müasir futbolda zəif rəqib yoxdu. Hamıya eyni gözlə baxmaq lazımdı. Bunu bizə Şimali Makedoniya millisi göstərdi. Həm də komandamız çoxdandır ki, yığılmırdı. Oyunçular arasında kommunikasiya deyilən bir şey yox idi. Məncə, ən önəmlisi odur ki, bəzi oyunçular milli komandaya layiq deyillər. Malta matçında pozitiv bir şey axtarmaq çətindi. Maltaya uduzuruqsa, bu, 100 faiz neqativdi".

O, Eddi İsrafilov və Dmitri Nazarovun uzun müddət sonra yenidən milliyə cəlb edilməsini isə belə şərh edib: "Nazarova görə heç nə deyə bilmərəm. Onun klubdakı oyunlarını görmürük, hansı formada olduğunu deyə bilmirik. Millidəki oyunu onun yaxşı formada olmadığını göstərir. Ümumiyyətlə, o, milliyə yeni-yeni dəvət olunanda tamamilə başqa futbol oynayırdı. İndi isə həmin Nazarov deyil. Ümumiyyətlə, o, özünü elə aparır ki, elə bil onu yalvarıb milliyə gətiriblər".

Milli komandamız Maltada 2 gün sonra daha bir yoxlama görüşü keçirəcək. Saşa həmin matç haqda isə bu cür danışıb: "Latviyaya qalib gəlsək, bu, o demək deyil ki, hər şey qaydasındadı. Problemlər olub, indi də var, həmişə də olacaq. Ancaq önəmlisi odur ki, biz hamımız birlikdə bu problemləri necə aradan qaldıracağıq. Ümumiyyətlə, aradan qaldıra biləcəyik, və problemləri həll etmək üçün kim, nə edəcək?".

Sonda isə veteran futbolçu Azərbaycan millisinin Millətlər Liqasındakı şanslarını dəyərləndirib: "Səhv etmirəmsə, bütün rəqibləri vaxtilə məğlub etmişik. Amma futbol inkişaf edir. Bunu oyunlar göstərəcək. Məncə, qrupdan çıxmağa ümid etmək olar. Ancaq Malta ilə oynadığımız oyunu oynasaq, şanslarımız sıfıra bərabər olacaq. Millimizə uğurlar arzu edirəm. İstənilən halda, milliyə həmişə dəstək olacam. Çünki mən də millidə oynamışam və bilirəm ki, hər bir məğlubiyyət oyunçulara necə pis təsir edir. Futbolçular bu məğluiyyətlərlə ömür boyu yaşayır. Bu hissləri futbolçu olmayan insan heç vaxt anlamaz".

Xəbər xətti