Ukrayna klubunun azərbaycanlı futbolçusu Polşaya yollandı: "Azərbaycana getməyi düşünürdüm"

15:33 - 27 Mart 2022

Ukraynanın "Podolye" klubunun azərbaycanlı futbolçusu Emin Səfixanov Sportal.az saytına açıqlama verib.

Klubu ilə birlikdə 2 ay əvvəl Türkiyəyə toplanışa yollanmış Emin Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkəyə qayıda bilməmişdi. Bir neçə gün əvvəl isə 22 yaşlı futbolçu Polşaya uçub və orada aşağı liqa klublarından biri ilə anlaşıb.

Saytımıza danışan Emin Azərbaycan Premyer Liqasında oynamaq istəyindən söz açıb. Ukraynanın aşağı yaş qruplarından ibarət yığmalarında da oynamış həmyerlimiz Azərbaycana gəlməyə hazır olduğunu deyib:

​"Bir müddət əvvəl gəldim Polşaya. Bir komandanın düşərgəsindəyəm, şərait yaradıblar burada məşq edirəm, qalıram. Ola bilər ki, yaya qədər burada qalası oldum. Sonradan isə klub axtarmağa başlayacam. Əslində, azad agentəm. Azərbaycandan heç bir klub mənə təklif göndərməyib. Bəlkə də azad agent olduğumu bilmirdilər. Yoxsa, Azərbaycana yollanmağı fikirləşirdim. Təklif olmadığına görə, Polşaya gəldim. Hadisələrin necə davam edəcəyini zaman göstərəcək".

Xəbər xətti