"Futbolçular ötürmə verə bilmirsə, De Byazi daha niyə belə komandada işləyir ?" - MÜSAHİBƏ

21:34 - 28 Mart 2022

Azərbaycan millisinin şərəfini qorumuş Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Malta ilə yoxlama görüşündən məğlub ayrıldı. Səncə, həmin məğlubiyyət komandaya necə təsir edəcək?
- Əlbəttə ki, həmin məğlubiyyət komandanı ayıltmalıdı. Çünki bu, elə-belə məğlubiyyət deyil. Malta millimizin dişinə uyğun rəqibdi. Millimiz birazdan Millətlər Liqasında çıxışına başlayacaq və oradakı rəqiblər aşağı-yuxarı bizim səviyyəmizdə olan komandalardı. Belə oyunlarda yaxşı futbol göstərib, qələbə qazanmaq lazımdı. Tez bir zamanda milli ayılmalıdı. Biri var məğlubiyyət, biri də var oynamayaraq uduzmaq. Yəqin ki, zəif oynayıb, uduzmaqdan dərs çıxarıblar. Oturaq, gözləyək. İnanıram ki, Canni De Byazi və futbolçular da növbəti oyunlarda qələbə haqda düşünüb, qələbə qazanacaq. Çünki acı məğlubiyyət oldu və bunu dərk edirlər. 

- Canni De Byazi bu gün keçirilən mətbuat konfransında "3 ötürmə verə bilmirikdsə, hücum futbolundan söhbət gedə bilməz" deyib. İtaliyalı məşqçinin bu fikrinə münasibətin necədi?
- Futbolçular üç ötürmə verə bilmirsə, daha niyə belə komandada işləyir? Belə baxıram, heç vaxt millidə qələbə qazana bilməyəcək. Müdafiə sistemi ilə həqiqətən 2-3 ötürmə vermək çox çətindi. Həmişə demişəm, hücuma çıxanda irəlidə az oluruq. Buna görə irəlidə top saxlamaq çətin olur.

- Bu o deməkdi ki, millinin uğurlu nəticə göstərməsi çətindi?
- Bilmirəm, niyə belə danışb, amma həqiqətən belə söhbət yaxşı olmadı. Millidə futbolçular 3 ötürmə verə bilmirsə, həmin komandada inam yoxdursa, orada işləməyə dəyməz. Halbuki, millimizdə 3 ötürmə edə bilən, ora layiq oyunçularımız da var. İndi millidə olanlar klublarında lider oyunçulardı. Heç vaxt belə milli olmayıb. Hamısı oynayan futbolçulardı. İnam, dəstək, motivasiya verib yaxşı nəticələr qazanmaq olar.

- Sabah milli Latviya ilə yoxlama oyununda üz-üzə gələcək. Milli qalib gələrsə, nə dəyişəcək?
- Latviya da bizə uyğun rəqibdi. Millətlər Liqasında millidən nəticə gözləyiriksə, Latviya kimi komandalarla oyundan da nəticə qazanmaq mütləqdi. Özü də yaxşı oyunla. Maltaya qarşı çox zəif oynadıq, qarşıdan Latviya matçı gəlir. Bu oyunda yaxşı oynayıb, qələbə qazanmaq lazımdı. Futbolçular özünü motivasiya etməlidi, güc tapmalıdılar. Ki, Millətlər Liqasında rahat oynaya bilərik.

- Səncə, milliyə layiq olub, kənarda qalan futbolçu var idi?
- Açığı, Canni De Byazini bir mövzuda dəstəkləyirəm ki, həqiqtən bütün oynayan futbolçuları milliyə dəvət etdi. Təcrübəli futbolçuya da ehtiyac olduğunu deyirdi. Elə idisə, Rahid Əmirquliyevi, Rauf Əliyevi də dəvət etmək olardı.  Çünki təcrübəlidilər. Onlar komandaya keyfiyyəti və xarakterləriylə də kömək edə bilərlər. Ümumi baxanda, normal heyət yığılıb, gələnlərin hamısı komandasında oynayır. Hamısı da yaxşı futbolçudu. Bircə qalıb, yığışıb, komanda şəklində yaxşı oynayıb, qələbə qazanmaq. Allah qoysa, tezliklə belə olar. Milliyə kim dəvət edilirsə-edilsin hər zaman ona azarkeşlik edirik. Hamı millidən yaxşı oyun və qələbə gözləyir. Uduzanda da yaxşı oyunla uduzaq. Baxaq, epizodlar oldu, vura bilmədik, şansımız gətirmədi. Bu, başqa məsələdi. Futboldu, biri udur, o biri uduzur. Yoxsa, biri də var, Malta ilə oyundakı kimi.. Həmin matçda rəqib bizimlə rahat oynadı, top saxladı, rahat hücuma keçdi, epizodlar yaratdı. Bax, bu acınacaqlıdı.

Xəbər xətti