"Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi Sportal.az saytına müsahibə verib.
- Milli komandalara görə verilən fasilədən necə istifadə edirsiz?
- Hər şey yaxşı gedir. İntensiv, ağır məşqlərimiz davam edir. Ağır məşqlər üçün elə ideal vaxt idi.
- "Qəbələ" ölkə çempionatında son matçlarda məğlub olurdu. Bu mənada, fasilə yerinə düşdü?
- Doğrudu, son matçlarda uduzmuşduq. "Qəbələ" son oyunları təhlil etməli və səhvlərdən dərs çıxarmalıdı. Qarşıdakı matçlarda həmin səhvləri təkrarlamamalıyıq. Daha çox işləyib, bir-birimizə kömək etməliyik.
- "Zirə" ilə oynadığınız yoxlama görüşü necə alındı? Komanda qalib gəlməyi bacardı...
- Bu, sadəcə olaraq yoxlama matçı idi. Hansı komandanın qalib gəlməsi o qədər də önəmli deyildi. Əsas olan formada qalmaqdı. Çünki apreldə oyunlarımız çoxdu, bəlkə də mövsümün ən vacib oyunlarıdı.
- Rövlan Muradov və Ülvi İsgəndərovun Azərbaycan millisinə dəvət olunmaması çox müzakirə edildi. Səncə, onlar milliyə kömək edə bilərdi?
- Hər iki futbolçunun çox yaxşı mövsüm keçirdiyini deyə bilərəm. Onlar daha çoxunu edə bilər. Həm Rövlan, həm də Ülvi bu cür davam edib, inanmalıdı. Bu cür davam etsələr, bir gün millidə olacaqlarına düşünürəm.
- Həmyerlilərin, Şimali Makedoniya yığması Dünya çempionatına vəsiqə qazanmaq üçün bu gün Portuqaliya səddini keçməlidi. Səncə, onlar bunu bacaracaq?
- Futbolda hər şey mümkündü. Şimali Makedoniya İtaliya matçında göstərdi ki, futbolda heç vaxt “heç vaxt” demək olmaz. Onlar Portuqaliya matçında da özünə inanmalıdı.
- Bəs, sən özün nə vaxt Şimali Makedoniya millisinə cəlb oluna biləcəyini düşünürsən?
- Mən özüm də bu tepmdə davam etməliyəm. Daha yaxşı oynayıb, qollar vurmaq lazımdı. Necə olacağını zaman göstərəcək.