"Sabah" bir neçə gün əvvəl heyətini Oleksey Kaşukla gücləndirdi. Sportal.az xəbər verir ki, ukraynalı futbolçu "Vorskla" yetirməsidi. 21 yaşlı futbolçu ilk peşəkar müqaviləsini isə "Şaxtyor"la imzalayıb. Futbolçunun indiyə qədər oynadığı komanda yoldaşları arasında həm Azərbaycan futbolu, həm də Avropa futbolu üçün tanış simalar var.
Yeri gəlmişkən, bu, Olekseyin Bakıya ilk gəlişi deyil. Belə ki, futbolçu 2016-cı ildə Bakıda keçirilən U-17 yığmalarının Avropa çempionatında Ukrayna millisinin heyətində paytaxtımıza gəlmişdi.
Azərbaycan çempionatında bu həftədən debüt edəcəyi ehtimal edilən ukraynalı həm də dünya çempionudu. O, U-20 yığmaları arasında 2019-cu ildə Polşada keçirilən turnirdə Ukrayna yığmasının heyətində qalib olub. Futbolçu bu mundialda final da daxil olmaqla 7 oyuna çıxmışdı.
Ruslan Fomin
Kaşukun komanda yoldaşları arasında “Qəbələ”nin keçmiş forvardı Ruslan Fominin adı var. O, “Mariopol”da Ukrayna millisinin keçmiş hücumçusu ilə birlikdə oynayıb. Fomin isə hazırda “Metallist”də(Xarkov) çıxış edir.
Eldar Quliyev
"Sabah"ın yeni transferi "Mariopol"da Fominlə yanaşı, əslən azərbaycanlı olan və Azərbaycanın əsas millisinə cəlb ediləcəyi gözlənilən Eldar Quliyevlə də birlikdə oynayıb. Quliyev hazırda Ukraynanın U-21 yığmasının üzvüdü.
Yaroslav Deda
Kaşukun Azərbaycanda oynayan futbolçulardan tanıdıqlarından biri də "Qarabağ"ın keçmiş hücumçusu Yaroslav Dedadı. Ağdam klubunun U-19 komandası ilə birlikdə Gənclər Liqasında çıxış etmiş Deda, Ukraynanın U-17 yığmasında Kaşukla komanda yoldaşı olub.
Andrey Lunin
Masazır klubunun böyük ümidlərlə heyətə cəlb etdiyi futbolçunun dostlarından biri də "Real"ın qapıçısı Andrey Lunindi. O, Ukraynanın aşağı yaş qruplarından ibarət yığmalarında hazırda "Ovyedo"da icarə əsasında çıxış edən qolkiperlə komanda yoldaşı olub.
Vitali Mikolenko
"Everton"un futbolçusu Vitali Mikolenko da "Sabah"ın yeni transferinin nəyə malik olduğuna yaxından bələddi. Belə ki, Kaşuk bu futbolçu ilə birlikdə Ukraynaın aşağı yaş qruplarından ibarət yığmalarında birlikdə oynayıb.
Mirbağırağa