"Qarabağ"ın sabiq legioneri Reynaldo Sportal.az saytına müsahibə verib.
- Futbolçu karyeranı sonlandırmısan? Hazırda nə işlə məşğulsan?
- Xeyr, tam olaraq başa vurmamışam. Hazırda həyat yoldaşıma kömək edirəm ki, oğlumuzu böyüdək. Hərdən-bir isə dostlarımla birlikdə istirahət günləri futbol oynayıram.
- Sonuncu dəfə Azərbaycandan ayrıldıqdan sonra təklifiniz olub?
- Xeyr, konkret təklif olmamışdı. Nəyə görə olmadığı isə anlamıram.
- Azərbaycanda lazımı dəyəri gördüyünü düşünürsən?
- İlk getdiyim anlarda anlamırdım bunu. Amma sonradan gördüm. "Qarabağ"da karyeram çox yaxşı alındı. Unudulmaz anlar yaşamışam.
- "Qarabağ"ın iştirakı ilə keçirilən oyunlara baxırsan?
- Düzünü desəm, oyunlara baxmağı sevmirəm. Sadəcə, Braziliya komandaları oynayanda baxıram. Bir də “Neftçi” ilə “Qarabağ” arasında gedən oyunlara. Bu, Azərbaycan klassikasıdı. Həmin oyunla bağlı yaxşı xatirələrim var.
- Səncə, səndən sonra "Qarabağ"da ən güclü hücumçular kim idi?
- Məndən sonra “Qarabağ”a çox sayda forvard gəldi. Onlardan Dino Ndolovu və Mahir Emrelini xüsusi vurğulayardım. Həqiqətən çox yaxşı forvardlar idi.
- İbrahima Vadji necə, güclü hücumçu deyil?
-Düzünü desəm, Vadjinin tam olaraq performansını bilmirəm. Belə, bir neçə dəfə görmüşəm. Çox yaxşı işləyir. Ona uğurlar arzu edirəm.
- “Qarabağ” uzun illərdi ki, Azərbaycanda hegemonluq edir. Səncə, bu, onlarda necə alınır?
- “Qarabağ”ın Azərbaycanda hegemonluq etməsinə görə çox sevinirəm. Onların daim yaxşı futbolçular gətirmək imkanı var.
- Maraqlıdı, nə vaxtsa "Neftçi"dən təklif almışdın heç?
- Bəli, “Neftçi”dən təklif almışdım. Amma bunu qəbul etməmişdim. Çünki “Qarabağ” məni istəyirdi. Ancaq bu da səhv idi. Artıq olan olub, keçib. Futbolçu karyeramı Azərbaycanda sonlandırmaq istəyirəm. Çünki bu ölkə həmişə ürəyimdədi. Yenidən bu gözəl ölkəyə qayıdaraq oradakı azarkeşləri görəcəyimə inanıram.