"Azərbaycan millisi Malta və Latviyaya uduzdu. İki oyunu müqayisə etsək, Latviyaya qarşı daha yaxşı oynadığımızı demək olar. Həmin matçda meydanda azlıqda qalmasaydıq komandamız daha yaxşı oynayardı. Təəssüf ki, belə alındı. Futboldu, hər zaman bu cür hadisələr baş verə bilər. Oyundan-oyuna daha yaxşı oynamalıyıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Rafael Əmirbəyov deyib.
Azərbaycan milli komandasının veteran futbolçularından olan Əmirbəyov yığmanın hazırki durumunu dəyərləndirib. Onun fikirlərinə görə, millidə yer alan futbolçularla uğurlu nəticələr əldə etmək mümkündü:
"Düzdü, uduzduq rəqiblərimizə. Amma bilirsiz, illər dəyişir, komandalar da dəyişir. Demirəm biz dəyişməmişik. Biz də dəyişirik, inkişaf edirik. Bu oyunlar yoldaşlıq oyunlarıdı. Əlbəttə ki, nəticəyə hər zaman cavabdeh şəxs baş məşqçidi. Zamanla daha yaxşı olmalıyıq. Millidə ən yaxşılar yer alıb, heyətdəki futbolçular çox keyfiyyətlidi. Bütün futbolçuları çox yaxşı tanıyırıq və bu futbolçulara uyğun plan tutub, yaxşı nəticə əldə etmək olar".
Veteran futbolçu Maksim Medvedevin “media və sosial şəbəkələrdən təzyiq var” açıqlamasına da şərh verib. Bununla yanaşı o, Millətlər Liqasının C liqasında mübarizə aparacaq yığmamızın Slovakiya, Belarus və Qazaxıstan önündəki şansları barədə fikirlərini bildirib:
"Nəticə pis olanda istər-istəməz mətbuat təzyiq edir. Bu da normal haldı. Millidə yer alanlar təcrübəli futbolçulardı və təzyiq altında da oynamalıdılar. Millətlər Liqasındakı şanslarımıza gəldikdə, rəsmi oyunlar başqadı, yoldaşlıq oyunları tam başqa. Futbolçular istər-istəməz rəsmi oyunlara tam başqa cür motivasiya olunur. Ona görə də rəsmi oyunlarda komandamız daha yaxşı oynayıb, nəticə əldə edər deyə, düşünürəm".