"De Byazinin dedikləri biabırçılıq idi, baş məşqçinin komandası haqda belə danışdığını ilk dəfədi görürəm" - MÜSAHİBƏ

14:50 - 1 Aprel 2022

Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Latviya və Malta ilə görüşlərdən məğlub ayrıldı. Bu oyunlarda milli komandamızın uduzacağını heç ehtimal edirdin? Sence nəyə görə Malta və Latviya görüşlərində uduzduq?
Əlbəttə ki, Malta və Latviya oyunlarında millimizdən qələbə gözləyirdim. Təəssüflər olsun ki, qələbə qazana bilmədilər. Maltaya qarşı millimiz ümumiyyətlə bərbad oyun keçirdi, çox zəif oynadı. Latviya ilə oyunununa pis başlamadılar. Amma qırmızı vərəqədən sonra çətin idi oynamaq. Halbuki hər iki matçda millidən qələbə gözləyirdim. Təəssüflər olsun ki, alınmadı. Sırf nəticəyə görə yox, oyuna görə məyusluq oldu. Çünki çox zəif oynadı milli. Bacardıqlarından çox aşağı səviyyədə çıxış etdilər.

- Son illərdə Malta və Latviyaya qalib gəlirdik, uduzmurduq onlara. İndi isə uduzuruq. Səncə, dəyişən nədi, onlar inkişaf edib, biz edə bilməmişik?
Həm Maltanı, həm də Latviyanı udurduq. Biz onlarla eyni qrupda mübarizə aparanda, onlarla oyun olanda onlara rahat rəqib kimi baxırdıq. Amma son zamanlar hər şey dəyişib, artıq biz onlara uduzuruq. Deməzdim ki, milli zəifləyib. Heyətə baxırsan, hamısı öz klublarında lider oyunçulardı, futbol oynaya bilən futbolçulardı. Tək-tək götürəndə çox güclü potensialı olan futbolçular var. Amma komanda şəklində bu iki oyunu çox bərbad keçirdilər. Bunun səbəbi nədi, bilmirəm. Amma yenə deyirəm, tək-tək futbolçuları götürsək, heyətimiz yaxşıdı. Sadəcə komanda şəklində zəif çıxış etdilər.

- Canni De Byazinin komandanın uğursuz nəticələrində günahı nə qədərdi?
Düzdü, bütün günahları tək Canni De Byazinin üzərinə atmaq olmaz. Sadəcə başda özü gedir. Mətbuat konfransında dediklərini oxudum. Deyir, futbolçular 2-3 ötürmə verə bilmir. Birinci dəfədi görürəm ki, baş məşqçi belə danışır. Bizim komandada elə futbolçular var ki, topla da yaxşı davranırlar, futbol oynayan bilən uşaqlardı. Bir də deyir ki, hansı hücum futbolundan danışaq? Biz Malta və Latviyaya qarşı hücum futbolu oynamayacağıqsa, daha kimə qarşı oynayacağıq? Bizdə futbol oynaya bilən futbolçular var. Sadəcə komanda şəklində nəticə yoxdu. Problem Canni De Byazidədi.

- Səncə, o, nəyə görə futbolçuları haqda belə danışıb? 
Bəli, müsahibəni oxudum. Baş məşqçidən belə sözlər eşitmək, heç bir futbolçuya xoş deyil. Baş məşqçi heç vaxt belə deməməlidi. Bu, sadəcə biabırçılqdı. Komandamızda topla oynayan çox yaxşı futbolçular var. Bilmirəm, Canni De Byazi niyə belə deyib? Digər tərəfdən də, komanda 2-3 ötürmə verə bilmirsə, elə baş məşqçinin də günahıdı. Axı bu futbolçular öz klublarında gözəl çıxış edirlər. Yaxşı da ötürmə verə bilirlər.

- Maksim Medvedev isə bildirib ki, media və sosial şəbəkədə yazılanlar futbolçularda təzyiq ayradır. Səncə, təzyiq var?
-
Bəli, həmin videoya da baxdım. Bilmirəm, o, niyə belə deyib. Özü də o, təcrübəli futbolçudu, çoxdandır ki, millidə çıxış edir. “Qarabağ”da da oynayır, beynəlxalq arenalarda nə qədər oyun görmüş biridi. Sosial şəbəkələrdə təzyiq olması normal haldı, həmişə də olub. Bizim vaxtımızda da var idi. Azarkeşləri də başa düşmək lazımdı. Komanda uduzanda onlar da əsəbləşir. Amma futbolçu bunu düşünməməli, öz futbolunu düşünməlidi. Azarkeşlər gəlib dəstək olurlar, nəticə görməyəndə də belə hallar yaranır.

- Malta və Latviya Millətlər Liqasında D liqasında oynayacaq. Biz isə C liqasında mübarizə aparırıq. Özümüzdən aşağı liqada olan komandalara uduzan yığmadan Slovakiya, Belarus, Qazaxıstan qarşısında hansı nəticəni gözləmək olar?
Əlbəttə ki, çox çətin olacaq. Slovakiya qrupun açıq-aşkar favoritidi. Amma Qazaxıstan və Belarusa qarşı oynamaq olar. Onlar elə komandalardı ki, oynamaq mümkündü. Sadəcə olaraq, Maltaya qarşı göstərilən oyunla biz heç nəyə ümid edə bilmərik. Amma yenə də dəstəkləyirik və inanırıq ki, millimiz iki matçdan nəticə çıxarıb, Millətlər Liqası oyunlarına yaxşı əhval-ruhiyyədə çıxıb, yaxşı nəticə ilə başlayacaq. Son iki matçdakı kimi oynasaq heç bir ümidimiz yoxdu. Düşünürəm ki, nəticə çıxarıb, nəsə dəyişmək lazımdı.

​Mirbağırağa

 

Xəbər xətti