Leandro Andrade: "Yeganə rəqibimiz özümüzük" - MÜSAHİBƏ

19:34 - 2 Aprel 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 21-ci turunun oyununda "Azersun Arena"da "Səbail"i 5:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin iki qolunun müəllifi olan Leandro Andrade matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Belə uğurlu oyun gözləyirdin?

- Çox inamlı idim. Oyuna yaxşı hazırlaşmışdıq. Gözlədiyimiz oyunu da nümayiş etdirdik.


- Milli komandada da debüt etdin. Son bir həftəni futbol həyatında necə qiymətləndirirsən?

- Çox işləyəndə, zəhmət çəkəndə bunun nəticəsini görürsən. Bunu belə dəyərləndirirəm. Eyni qaydada davam etməliyəm.


- Artıq iki aydır Azərbaycandasan. Adaptasiya prosesi necə gedir?

- Buna bəlkə də atapdasiya dövrü demək olmaz. Çünki, həm məşqçi heyəti, həm futbolçular mənə o qədər isti münasibət göstərdilər ki, adaptasiya dövrü yaşadığımı deyə bilmərəm. Proses çox tez baş verdi.


- Kabo-Verde millisində oynasan da, Portuqalidada doğulmusan, orada yaşamısan. "Qarabağ"da dubl edən ilk portuqaliyalı oldun. Bu, sənin üçün nə deməkdir?

- Çox xoşbəxtəm. Belə başa düşdüm ki, rekord sahibi oldum. "Zirə" ilə matçda bir çox qol vəziyyətlərim olmuşdu, onlardan istifadə edə bilməmişdim. Komanda yoldaşlarımın zəhməti çoxdur. Qol vəziyyətlərindən yararlana bilməməyimə baxmayaraq, oyundan sonra hamı mənə dəstək oldu. 


- Həmyerlin Patrik Andrade "Qarabağ"a transfer olandan sonra düşünərdin ki, bir gün sən də bu komandada oynayacaqsan?

- Patrik "Qarabağ"a gəlməzdən öncə Bolqarıstanda bir yerdə iki oyun keçirmək imkanı əldə etmişdim. O vaxtdan mən də komandanın oyunlarını izləməyə başladım. Həmin vaxt "Qarabağ"ın necə böyük klub olduğunu anlamışdım. Bu klubdan mənə təklif gələndə sevinclə qarşıladım və düşünmədən qəbul etdim.


- Sənin üçün doğma mövqe hansıdır?

- Oyuna start heyətdə başladığım mövqe mənim üçün daha rahatdır. 


- Azərbaycanda yaşam tərzin necədir? Gününü necə keçirirsən?

- Belə böyük fərq hiss etmirəm. Gündəlik vaxtımı keçirdiyim insanlar, mənə olan münasibət elədir ki, qərib yerə düşdüyümü hiss etmirəm. Yeməklərlə bağlı da eyni sözü deyə bilərəm. Milli mətbəxi dadmışam, xoşuma gəlib. 


- Kabo-Verdə millisini seçməyində hansı amil rol oynadı?

- Həm atamla, həm Patrik Andrade ilə bu mövzuda danışığımız oldu. Kabo-Verde məni milli komandaya cəlb etmədə çox maraqlı idi, daim diqqətdə saxlayırdılar. Özünü Kabo-Verde mədəniyyətinə daha yaxın hiss edirəm. Bütün bu səbəblər milli seçimimə təsir etdi.

 

- "Qarabağ"ın mövsümü "qızıl dubl"la başa vurmaq şansını necə dəyərləndirirsən?

-Bunun üçün həm gücümüz, həm potensialımız var. Sadəcə inanmaq lazımdır. Düşünürəm ki, yeganə rəqibimiz özümüzük.

 

Elçin Əlixan

Xəbər xətti