İTV-nin idman departamentinin rəhbəri: "Braziliya A seriyasının futbol həvəskarlarına maraqlı olacağını düşündük"

11:18 - 4 Aprel 2022

Azərbaycan teleməkanında ilk dəfə olaraq Braziliya A seriyası izləyicilərə təqdim ediləcək. Sportal.az xəbər verir ki, İctimai Televiziya A seriyasının yeni mövsümünün ilk turlarından futbolsevərləri sevindirəcək. Bununla yanaşı telekanal Qətərdə keçiriləcək dünya çempionatını da canlı yayımlayacaq. İctimai Televiziyasının idman departamentinin rəhbəri Kənan Hakimov saytımıza açıqlamasında bu məsələ barədə danışıb:

"Braziliya A seriyası yayım hüququna sahib şirkət tərəfindən İctimai Televiziyanın beynəlxalq əlaqələr departamentinə təklif olunub. Onlar isə öz növbəsində bununla bağlı bizə məlumat verərək adıçəkilən turnirlə bağlı fikrimizi öyrəndilər. Turnirin təqviminə və  A seriyasında futbol azarkeşlərinə yaxşı tanış olan, yaxın keçmişdə Avropanın top klublarında forma geyinən bir çox ulduz oyunçuların çıxış etdiyini nəzərə alaraq bu çempionatın futbol həvəskarlarına maraqlı olacağını düşündük. Telekanal rəhbərliyi də çempionatın mərkəzi qarşılaşmalarının İTV-nin efirində canlı yayımlanmasına müsbət yanaşdığını bildirdi. Məlumat üçün bildirim ki, A seriyasının mərkəzi qarşılaşmalarının əksəriyyəti saaat 23:00 və ya 23:30-da başlayır. Yəni, onlar teleyayımdan daha çox maddi qazanc əldə etmək üçün saatları Avropaya uyğun bölüşdürüblər. Təbii ki, bu da seçimimizə ciddi təsir edən amillərdən oldu. Üstəlik, Braziliya çempionatı yaz-payız sistemi ilə keçirildiyindən tamaşaçılar Avropada liqalar yekunlaşandan sonra yay boyu futbolsuz qalmayacaq. Braziliya A seriyası Avropanın top komandaları üçün bir vitrindi və böyük klubların skautları bu liqanı diqqətlə izləyir”.

Hakimov Braziliya çempionatının ilk turundan oyunları təqdim edəcəklərini söyləyib: "Bəli, Braziliya çempionatında ilk turda artıq hansı oyunları verəcəyimizi də planlaşdırmışıq. Təqvimimiz də bəllidi. Aprelin 9-da 23:30-da “Fluminense” – “Santos” matçı, bir gün sonra isə 23:00-da “Atletiko Mineyro” – “İnternasyonal” görüşünü canlı yayımlayacağıq".

"İctimai Televiziya olaraq cari ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatının eksklüziv yayım hüququna malikik. Bundan öncə də İTV-nin efirində dünya və Avropa çempionatının final mərhələləri canlı yayımlanıb. Bu baxımdan zəngin təcrübəmiz var. Aparıcı və şərhçilərlə bağlı rəhbərliklə hələ ki, müzakirəmiz olmayıb. İstənilən halda bu dəfə də mundialı ən yüksək səviyyədə işıqlandırmaq və bir ay boyunca futbol bayramını tamaşaçılara daha yaxşı çatdırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - deyə, Kənan Hakimov fikirlərini yekunlaşdırıb.

Xəbər xətti