Latviya millisinin veteran futbolçusu, uzun illər Azərbaycanda oynamış Kristian Torres Sportal.az saytına müsahibə verib. “Qəbələ”, “Rəvan” və “Qarabağ” klublarında çıxış etmiş Torres hazırda "Liepaya" klubunda məşqçilik edir. Saytımıza müsahibəsində argentinalı Latviya - Azərbaycan matçından danışıb, ölkəmizdəki karyerasını xatırlayıb.
- Bu yaxınlarda Latviya və Azərbaycan milliləri üz-üzə gəldi. Həmin yoxlama görüşündə latviyalılar qalib gəldi. Oyunu necə şərh edərdin?
- Azərbaycan millisində dəyişiklər var və buna görə zamana ehtiyac duyulur. Keçmişdən bu komandada oynayanları gördüm. Amma məncə, onlar da yaxınlarda yerini gənclərə buraxacaq. Mənim vaxtımda Azərbaycan millisi çox güclü idi. Çünki orada digər və təcrübəli futbolçular oynayırdılar. Azərbaycanda oynadığım dönəmlərdə millidə çox güclü futbolçular var idi. Rəşad Sadıqovun adını çəkə bilərəm. Bu cür futbolçulara qarşı oynamaq çətindi. İndi də millidə Qara Qarayev, Maksim Medvedev kimi güclü futbolçular var. Gənclər də cəlb olunub milliyə. Onlara da vaxt lazımdı.
- Bundan əvvəl isə Latviya və Azərbaycan milliləri Riqada qarşılaşmışdı. Sənin də meydana çıxdığın oyunu Azərbaycan 3:1 qalib gəlmişdi. Həmin oyunu necə xatırlayırsan?
- Yadımdadı, Azərbaycana 1:3 uduzanda millinizin baş məşqçisi keçmiş çalışdırıcım Qurban Qurbanov idi. O, futbolçu vaxtı çalışdığım ən güclü məşqçilərdən biridi. Onunla çox işləməsək də, məşq proseslərini, oynatdığı futbolu çox sevirdim. Komandasında hamı meydanda nə etməli olduğunu yaxşı bilir. Bu da Qurbanovun güclü baş məşqçisi olduğunun göstəricisidi. “Qarabağ” uzun illərdi ki, avrokuboklarda daimi çıxış edir. Azərbaycana gəldiyim vaxtı da “Qarabağ” çox yaxşı futbol oynayırdı. Milli oyununa gəldikdə isə, həmin vaxtı oyuna yorğun çıxmışdıq. Çünki baltik kubokunu qazanmışdıq və bütün emosiyalarımız, gücümüzü həmin kubokda qoymuşduq. Litva, Estoniyaya qarşı çətin oyunlar keçirmişdik. Amma istənilən halda Azərbaycan həmin matçda bizdən güclü idi. Bütün parametrlərdə çox yaxşı oyun göstərdilər. Qurban Qurbanovun sevdiyi futbolu oynayıb, layiqli qalib gəldilər.
- Latviyada insanlar Azərbaycan üzərində qazanılan qələbəyə görə çox sevindi?
- Əlbəttə ki, Latviyada insanlar xoşbəxtdi. Yeni nəsil gəlir milliyə. Onlar da özünü göstərməyə çalışır. Azərbaycan kimi milliyə qalib gəlmək xoşdu. Həm də tarixi ərzində ilk dəfə idi ki, Latviya onlara qalib gəlirdi. Digər tərəfdən unutmayaq ki, bu, sadəcə yoxlama görüşü idi. Yəqin ki, Azərbaycandan insanlar millinin Latviyaya qarşı gəlməsini istəyirdi. Futboldu, indi çox şey dəyişir. Hamı futbol oynamağı bacarır. Yalnız ad önəmli rol oynamır. İtaliya Şimali Makedoniyaya uduzdu elə. Hamı fiziki sarıdan hazır olur və dəqiq konsentrasiya ilə oynayır.
- Azərbaycan millisinin heyətində meydana çıxanlardan biri də dostun Riçard Almeyda idi. Onun haqda fikrin necədi?
- Riçard indiyə qədər oynadığım futbolçular arasında ən güclülərdəndi. O, futbolu çox yaxşı anlayır. Bu cür futbolçuya daha çox inanmaq, daha çox güvənmək lazımdı. Ki, o da özünü meydanda lider kimi göstərə bilsin, səviyyəsini göstərsin. Az oynaması ilə bağlı bir söz deyə bilmərəm, baş məşqçinin qərarıdı. Dostum olaraq, onun daha çox oynamasını istəyərdim. O, milliyə kömək edə bilər. Onunla oynadığım dövrdəki kimi gənc deyil. Tam hazır olmadığı görünür. Çünki öz klubunda da tez-tez oynamır. Gərək praktikası olsun.
- Onunla tez-tez danışırsan?
- Bəli, Riçard Almeyda ilə danışıram. Reynaldo ilə də tez-tez yazışıram. Onlar mənim yaxşı dostlarımdı. Hər ikisilə yaxşı münasibətim qalıb. Daim soruşuram, hal-əhval tuturuq bir-birimizlə.
- Azərbaycan futbolunu necə, izləyirsən?
- Son vaxtlar Azərbaycan futboluna çox da baxa bilmirəm. Əvvəl daha tez-tez baxırdım. Azərbaycanda uzun illər oynamışam. “Qarabağ” həmişə yaxşı oynayır. “Qəbələ”yə gəldiyim vaxtda da, “Qarabağ” yerli futbolçularla da çox yaxşı oynayırdı. Dərhal görünürdü ki, onlar bir neçə ildən sonra daha da güclənəcək və çempionluq mübarizəsi aparacaq. Elə o vaxtdan bu yana komanda hegemonluq edir, 7 dəfə çempion oldular, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasının qruplarına düşdülər. Son dəfə də qrupdan çıxa bildilər. “Qarabağ”da çox yaxşı rəhbərlik, çox yaxşı baş məşqçi var. Klubda düzgün və peşəkar insanlar işləyəndə hər şey alınır. “Qarabağ”ın daim avrokuboklarda oynaması məni sevindirir. Onlar ən yaxşısına layiqdi. “Qarabağ”ın Konfrans Liqasının qrupundan çıxması çox iş görmələri və Qurban Qurbanovun, köməkçilərinin böyük ustalığından irəli gəlirdi. "Qəbələ"yə gəldikdə, əvvəl onlar daha güclü idi. Onlar haqda çox söz deyə bilməyəcəm. Çünki çox baxmamışam.
- Maraqlıdı, vaxtilə nəyə görə uzun illər “Qarabağ”da oynamadın, erkən baş tutdu ayrılıq?
- "Qarabağ"da uzun illər qala bilməməyim səhhətimlə bağlı idi. Təəssüflər olsun ki, həmin problem futbol oynamağıma mane olurdu. Əlbəttə, çox üzülmüşdüm buna görə. Çünki "Qarabağ"da qalmaq istəyirdim. Bilirdim ki, bu komandada uzun illər oynaya bilərdim. Amma nə etmək olar? Əsas odur ki, yaxşı münasibətim qalıb onlarla. Onlara uğurlar arzulayıram.
- Azərbaycanda 5 il oynadın və milliləşdirilməyin mümkün idi. Belə variant var idi, yoxsa Latviya üçün oynamaq istəyirdin?
- Yaxşı insanlarla, yaxşı peşəkarla işləmişəm. Xeyr, Azərbaycan millisindən təklif almamışdım. Latviyaya qayıtdım. Xanımım latviyalıdı, qızım da burada dünyaya gəlib. Bura qayıtdıqdan sonra ölkə çempionatının ən güclü futbolçusu seçilmişdim. Məni milliyə cəlb etmək istədilər, razılıq verdim. Bu ölkəyə böyük hörmətim var. Çox şey verib bu ölkə mənə. Burada ailəm var, çoxlu dostum var. Milliyə kömək etmək istəyirdim. Millidə oynamaq şansı verdiklərinə təşəkkür edirəm. Futbolçu karyeramı ötən il bitirdim, indi məşqçi jimi kömək etmək istəyirəm. Düşünürəm ki, futbolda az təcrübəm yoxdu. Məşqçi kimi öz köməkliyimi göstərmək niyyətindəyəm. İnanıram ki, bu, məndə alınacaq.
Mirbağırağa