Azərbaycan çempionatında hazırda çıxış edən futbolçular arasında öz ölkələrinin millilərinə cəlb edilmişlər az deyil. Lakin həmin futbolçular arasında uzun müddətdir ki, öz ölkələrinin yığmalarının yadından çıxanlar da var. Sportal.az oxuculara Premyer liqamızda çıxış edən, vaxtilə millilərinə cəlb edilmiş, daha sonra dəvət edilməyən legionerləri təqdim edir:
Merab Qiqauri – (“Keşlə”, Gürcüstan)
Vaxtilə ölkəsinin 19 yaşlılardan ibarət yığmasının da aparıcı üzvlərindən olmuş Qiqauri U-21 yığmasında rəsmi oyuna çıxmayıb. Amma o, 2013-cü ildə Gürcüstanın əsas millisində oynamağa macal tapıb. “Torpedo”(Kutaisi) klubundan “Yagelloniya”ya icarəyə yollanmış gürcü, qısamüddətli Polşa karyerasından sonra öz klubuna qayıtmışdı. Kutaisi klubunun heyətindəki oyunu ilə isə millinin o vaxtki çalışdırıcısı Temuri Ketsbayanın diqqətini çəkib. Qiqauri millidəki ilk və yeganə oyununu 2013-cü il iyunun 5-də Olborqda Danimarka ilə yoxlama görüşündə keçirib. 2013-cü ildən bu yana isə Qiqauri milli komandada oynamayıb.
Voyislav Stankoviç — (“Neftçi”, Serbiya)
“Partizan”da oynadığı vaxtlarda Avropanın bir çox klubunun transfer siyahısında yer almış Stankoviç Azərbaycana, “İnter”lə müqavilə imzalamaq üçün gəlmişdi. 2015-ci ildən bu yana ölkəmizdə artıq üçüncü klubda çıxış etmiş serb müdafiəçi də öz millisində meydana çıxıb. 34 yaşlı stopper 2010-cu ildə Osaka şəhərində “Naqai Stadium”da Yaponiyaya qarşı keçirilən matçda ilk və yeganə matçını keçirib. Radomir Antiç yaponlarla görüşdə Stankoviçə start heyətində meydana buraxmışdı. Serbiyanın 3:0 hesablı qələbəsilə başa çatan matçdan sonra isə Stankoviç millidə oynamayıb.
Brayan Alseus – ("Zirə", Haiti)
“Zirə”nin bu mövsüm heyətinə cəlb etdiyi Brayan Alseus də Haiti millisində çıxış edib. 26 yaşlı futbolçu 2016-cı ildə ölkəsinin əsas millisində debüt edib. O, son dəfə ötən ilin avqust ayında “Gold Cup” turnirində ABŞ-la matçda (0:1) meydana çıxmışdı. Brayan millinin son görüşlərində iştirak etməyib.