Asiyada klub turnirində oynamış azərbaycanlı: "Mənim üçün yaxşı təcrübə oldu"

15:22 - 6 Aprel 2022

Asiyada klubların sayca ikinci turniri hesab edilən "AFC Cup"un qrup mərhələsinə vəsiqə qazanmaq üçün pley-off matçında çıxan "Maçindra" "Blue Stars" klubuna uduzaraq iştirakını dayandırıb.

Sportal.az saytına açıqlama verən Nurlan Novruzov komandasının Şri-Lanka təmsilçisinə məğlub olmasının Nepalda təəccüblə qarşılandığını bildirirərək, özünün də "Maçindra"da qalıb-qalmaması haqda danışıb:

"Dünənki matçda rəqibi meydandan "silmişdik". Heçnədən 2 qol buraxdıq, uduzduq. Şri-Lanka klubunun cəmi 3 epizodu oldu. Bir penalti vurdular, qapıçımız dəf etdi. Digər 2 qol epizodları isə qolla nəticələndi. Ölkədə hamı bizdən qələbə gözləyirdi. Məğlubiyyət insanları təəccübləndirdi. Futboldu da, olmayanda olmur. Halbuki tək qapıya futbol oynayırdıq, nə qədər qol epizodumuz oldu, dirəyə vurduğumuz toplar oldu. Onların sadəcə bəxti gətirdi. Hakim də qapımıza penalti təyin etmək üçün epizod axtarırdı. Epizodları dəyərləndirə bilmirsən, rəqib dəyərləndirir, qalib gəlir. Əsas nəticədi, heç kim baxmır ki, hansı komanda nə qədər epizod yaratdı, tarixdə nəticə qalır. Növbəti mərhələyə Şri-Lanka klubu keçdi.

"AFC Cup"un təsnifat mərhələsində oynamaq özüm üçün də təcrübə idi. İlk dəfə idi ki, bu turnirdə oynayırdım. Həqiqətən də yaxşı idi. Sadəcə heyf ki, təcrübəm qələbə ilə başa çatmadı. Bundan sonra necə olacaq? Əslində, Nepal Superliqası başlamalıydı. Sadəcə sponsorlara görə, ola bilsin ki, 2-3 ay gec başlasın Superliqa. Yəqin ki, aprelin sonundu Bakıya qayıdacam. Bura qayıdacam ya, yox? Başqa variantlarım da var, menecerim götür-qoy edir. Mayda hər şey dəqiqləşəcək, ya bura qayıdacam, ya da başqa komandaya keçəcəm".

Xəbər xətti