Yayda Yunanıstanın "Pierikos" klubuna keçsə də, legioner həyatı tez bitən Tural Bayramlı Azərbaycana qayıdaraq "Səbail"lə müqavilə imzalamışdı. Sportal.az saytına müsahibə verən futbolçu Yunanıstan klublarının maddi problemlər yaşamasını da bildirib.
- "Səbail"dəki karyeran necə gedir, hər şey ürəyincədi
- Bəli, burada hər şey ürəyimcədi. Sağolsun məşqçilər, rəhbərlik, komanda yoşldalarım mənə dəstək olur həmişə. Ona görə də özümü burada çox yaxşı hiss edirəm.
- Son turda "Qarabağ"a böyükhesabla uduzdunuz. Növbəti turda isə rəqibiniz "Qəbələ"di. Həmin görüş haqda fikrin necədi?
- Əlbəttə ki, komanda olaraq məqsədimiz qələbə qazanmaqdı. "Qəbələ" də yaxşı futbol oynayan komandadı. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Artıq müəyyən müddətdir ki, Azərbaycandasan. Yunanıstanda qalmayıb ölkəyə qayıtdığına görə peşmansan, yoxsa doğru addım atdığını düşünürsən?
- Ölkəmi xaricdə təmsil etməyi çox istəyərdim. Ancaq hərdən bizdən asılı olmayan məsələlər ortaya çıxır. Yunanıstanda da elə problem oldu ki, məcburiyyətdən Bakıya qayıtdım. Hər işdə bir xeyir var. Yəqin ki, elə bu imiş.
- Yunanıstan klubunu FİFA-ya şikayət etmişdin. Məsələ nə yerdədi?
- Bəli, yunan klubunu maaşlarımı ödəmədiyi və sənəd işlərimi yerinə yetirmədiyinə görə FİFA-ya şikayət etmişəm.
- Qışda Yunanıstana yollanan Turan Manafov da oradan ayrılıb Azərbaycana qayıtdı. Problem isə pulla bağlıdı. Demək olar ki, Yunanıstan klublarında əsas problem elə maliyyə ilə bağlıdı?
- Ümumiyyətlə, bu il Yunanıstan klublarının çoxunda maddi sıxıntılar yaranıb. Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Çünki bilmirəm. Klublar nəinki legionerlərə, ümumiyyətlə, heç bir oyunçuya ödənişi vaxtında etmir.
- Son vaxtlar Yunanıstan və ya başqa xarici klublardan təklif almısan?
- Gələcəklə bağlı danışmaq hələ tezdi. Bu gün “Səbail” üçün əlimdən gələnin ən yaxşısını etməyə və məşqçilərin etimadını qazanmağa çalışıram. Ölkə xaricindən bir neçə təklifim var. Amma hələ qərar vermək tezdi.