Azərbaycanın qızlardan ibarət U-19 yığmasının baş məşqçisi Vüqar Əsgərli Sportal.az saytına müsahibə verib. Şimali İrlandiyada keçirilən seçmə mərhələ oyunlarında yığmamız ilk matçında Farer adalarına qalib gəlib. Əsgərli komandanın məqsədlərindən söz açıb.
- Farer adaları ilə görüşdə yığma qalib gəlməyi bacardı. Qələbəni necə şərh edərdin? Qrupun digər matçında 1:1 hesabının qeydə alınması yəqin ki, sizi də sevindirdi...
- Oyundan öncə rəqibi yaxşı analiz etmişdik və qızlar verilən tapşırıqları yaxşı icra etdilər. Burada hava çox dəyişkəndi. İlk hissədə günəşli havada vurduğumuz iki qolun ardını ikinci hissədə gətirmək istəyirdik. İkinci hissəni leysan yağışın altında oynamağımıza baxmayaraq hesabı qoruyub-saxlaya bildik. Təbii ki, lider olmaq həmişə sevindiricidi. Amma hələ ilk oyunlardı. Bizi əsasən öz oyunumuz maraqlandırır. Ciddi hazırlaşıb, o biri oyunlarda da yaxşı nəticələr əldə etmək istəyirik.
- Növbəti turda Malta ilə qarşılaşacaqsınız. Onları məğlub edəsi olsanız qrupda vahid lider kimi qala bilərsiniz. Səncə, mümkün olacaq?
- Onların oyununa canlı baxmaq imkanımız oldu. Malta kifayət qədər intizamlı komandadı. Düşünürəm ki, komandamız bu oyunda yaxşı nəticə qazanmağa qadirdi.
- Oyunların Şimali İrlandiyada keçirilməsi sizin üçün hər hansı problem yaradır? Qrupdakı son görüşünüz elə ev sahiblərinə qarşıdı...
- Oyunların Şimali İrlandiyada keçirilməsi iqlimə görə çətinliklər yaradır. Ancaq düşünürəm ki, bura tez gəlməyimiz adaptasiya olunmağımıza çox kömək oldu. Bizim üçün bütün oyunlar çox vacibdi. İstər ev komandası olsun, istərsə də digər komandalar. Çalışırıq ki, bütün oyunlarda yaxşı nəticə qazanaq.
- Bu mərhələdə uğurlu çıxışınız qadın futbolunda yeni mərhələnin başlanğıcı ola bilər, yoxsa qadın futbolunda problemlər kişi futbolundan daha çoxdu?
- Yığma komandalarımızın uğurlu çıxışı ölkəmizdə qadın futboluna yeni bir oyanış verir. Çünki valideynlər qızlarının ölkənin futbol ailəsinin bir parçası olmağı tam olaraq hiss edə bilir. Bu, kiçik qızların futbola gəlməsinə dəstək olur. Qadın futbolunda problem kişi futboluna nisbətən yalnız kütləviliklə bağlıdı. Milli komandalar üçün yaradılan şərait tam olaraq eynidi.
-Yığma komandalarımızda, xüsusilə də qadın yığmalarında legionerlər çoxdu. Legionersiz yığmalar görmək üçün nələr etmək lazımdı?
- Qadın futboluna dəvət olunan qızlar əsasən türkiyəlilər olur. Belə qızlar komandamızın 10-20 faizini təşkil edir. Biz qeyri-idman həyatında olduğu kimi həm də idmanımızda onları eyni millət kimi qəbul edirik. Bu qızlar Azərbaycan bayrağını sevərək daşıyır və dövlət himnini ürəkdən oxuyur.