"Neçə oyundur ki, qalib gələ bilmirik"

15:54 - 8 Aprel 2022

"Səbail"in liberiyalı legioneri Camal Araqo Sportal.az saytına açıqlama verib. Futbolçu komandasının çempionatdakı çıxışını dəyərləndirib. Onun fikrinə görə, hazırda autsayder olan komandası qalan oyunlarda qələbə qazanmaq niyyətindədi: 

"Son turda liderə qarşı oynayırdıq. Bizim üçün bütün oyunlar vacibdi. Budəfəki rəqibimiz "Qarabağ" idi. Onlar şübhəsiz ki, liqanın ən güclü komandasıdı. Məğlub olduq, amma yaxşı nəticə istəyirdik. Bu mövsüm komanda üçün çətin keçir. Amma biz çempionatda qalan oyunlarımıza yaxşı köklənmişik. Son oyunlara qədər xallar uğrunda mübarizəmizi aparacağıq".

Komandanın afrikalı futbolçusu "ASCO Arena"nın ot örtüyünün əlverişsiz olması məsələsi barədə isə bunları deyib: "Nə deyim, ümid edək ki, daha yaxşı meydança olacaq. Amma hazırki durum belədi və biz də oynayacağıq. Bu mövsüm heç bir oyunda “Qəbələ”yə qalib gəlməmişik. Üstəlik, neçə oyundur ki, qalib gələ bilmirik. Allah qoysa, növbəti matçda qalib gələrik".

"Xeyr, heç bir klubdan təklif almamışam. Ona görə də indi fikrimi ancaq klubumdakı oyunlara yönəltmişəm. Mövsüm sona çatdıqdan sonra millidə də oyunlar olacaq. Bütün diqqətim həmin oyuna yönələcək. Hər hansı yenilik olarsa, sizə xəbər edəcəm" - deyə, Camal Araqo fikirlərini yekunlaşdırıb.

Xəbər xətti