Şifr QEYD

13:27 - 9 Aprel 2022

Yəqin çoxunuz şifr barədə məlumatlısız. Bu, hansısa mətnin ötürülərkən oxunmaması üçün “açar” vasitəsi ilə oxunmaz vəziyyətə çatıdılıması sistemidir.  Şifrlər diplomatik nümayəndəliklərin öz hökümətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə olunur.

 

Azərbaycan milli komandasının baş məşqçisi De Byazi də bizə İtaliyadan şifr göndərib. Artıq neçə gündür ki, futbol ictimaiyyəti bu şifrənin açıqlaması üzərində baş sındırır. İtaliya mətbuatına danışan De Byazi millimizin futbolçularını xaraktersizlik və qorxaqlıqda suçlasa da, bir neçə ay əvvəl olduğu kimi, yenə də fikirlərinin jurnalistlər tərəfindən təhrif olunduğunu deyib. Belə görünür ki, De Byazi vətənində müsahibə verməsə yaxşıdır. Hansısa məşqçinin fikirləri hər dəfə təhrif olunursa, bu o deməkdir ki, ya kiminsə onunla şəxsi-qərəzliyi var, ya da ki, həmin adam dediyi sözün arxasında dura bilmədiyindən məsuliyyətdən yayınmağa çalışır.

 

De Byazinin budəfəki açıqlaması təhrifdən çox şifrəyə bənzəyir. Onun İtaliya radiosuna açıqlamasının səs yazısının tərcüməsi bizim saytlarda müxtəlif cür verilsə də, məğz olaraq De Byazi millidə futbolçuların xarakter çatışmazlığından gileylənir və komandanın kimisinə görə qorxaq, kimisinə görə çəkingən ruhundan şikayət eləyir. İtaliyalı mütəxəssis millidən narazıdır. Onu qane etməyən məqamlardan ətraflı danışıb. Qorxaq, çəkingən, xaraktersiz, ya başqa nəsə deyibsə və ya deməyibsə, bu, mahiyyəti, məğzi dəyişmir. Bir adama qorxaq demək üçün birbaşa bu ifadəni deməyib, qorxağa uyğun gələn keyfiyyətləri sadalamağın özü də kifayətdir.

 

Danışdıqca batan adam təsiri bağışlayan De Byazi belə açıqlamalarla həm də öz bacarıqsızlığını ortaya qoymuş olur. Artıq 3-cü tsikl millimizdə çalışacaq məşqçi komandaya cəsarət və xarakter aşılaya bilməyibsə, bu, həm də onun ciddi problemidir. Dünənə qədər millidə daha bir dönəm işləmək üçün maddi məsələlərdə güzəştə getməyə razılaşan, zaman-zaman ritorikasında yalvarışa bənzər ton sezilən mütəxəssisin müqaviləyə imza atandan sonra bu cür ittihamlarla çıxış etməsi həm də AFFA rəhbərliyinə qarşı edilən hörmətsizlikdir. Futbol ictimaiyyətinin tənələrinə rəğmən De Byazini millidə saxlayan federasiya rəsmiləri bir tərəfdən nəticələrin bərbad olmasının, o biri tərəfdən də italyan qocanın dilini dinc saxlamamasının acısını çəkməkdədir.

 

Qarşıda Millətlər Liqası gəlir. Millimizin durumuna baxanda, üstümüzə sanki daha bir dərd gəlir mənzərəsi yaranır. AFFA rəhbərliyi, De Byazi, futbolçular da yaxşı anlayırlar ki, yolun sonu qaranlıq görünür. Obrazlı desək, gəmi çat verib, batır. İndi məsələ kimin gəmini qayıqla, kimin xilasetmə jileti ilə tərk etməsindən gedir. Xilas ola bilməyən isə batmalıdır. Bizim futbolun gəmisində adətən məşqçiləri batırırlar. Lakin De Byazi də qoca qurddu, sudan quru çıxmaq istəyir. Ona görə də, hələ ki şifrəli danışır, Millətlər Liqasında gözlənilən uğursuzluqların günahını futbolçuların üzərinə atmaqla öz məmləkətində məşqçi imicini qorumağa çalışır.

 

Millətlər Liqasından sonra De Byazi İtaliyadan bizə hələ çox ismarıclar göndərəcək. Özü də şifr kimi yox, açıq şəkildə!

 

Emin ABBASOV    

 

Xəbər xətti