"Neftçi"nin müdafiəçisi: "Çoxdandır ki, Premyer Liqada bu qədər azarkeş önündə oynamırdıq" - MÜSAHİBƏ

13:13 - 10 Aprel 2022

“Neftçi”nin müdafiəçisi Azər Salahlı Sportal.az saytına müsahibə verib. "Ağ-qaralar"ın müdafiəçisi komandasının Şamaxı səfərində qazandığı qələbə barədə danışıb.

- “Şamaxı”nı səfərdə məğlub edə bildiniz. Matç sizin üçün necə alındı?
- Matçın ağır keçəcəyini bilirdik. Çünki uzun fasilədən sonra “Şamaxı” Premyer Liqaya qayıtmışdı. Hər kəsin diqqəti də bu görüşdə idi. İlk hissədə hesabda geriyə düşsək də, fasilədən sonra daha yaxşı oynayıb qələbə qazana bildik.

- Hesabı açan tərəf rəqib olsa da, “Neftçi” öz oyun üslubundan qopmadı. Qalib gələcəyinizə tam əmin idiniz?
- Qol buraxdıqdan sonra ilk fasiləyə qədər hesabı bərabərləşdirmək istəyirdik. Ki, daha rahat olsun ikinci yarı. Amma ikinci hissə təzyiqi daha da artırdıq. İstədiyimiz qolları vurub qalib gələ bildik.

- Stadiondakı ab-hava necə idi? Əsl səfər matçında olduğunuzu hiss etdin?
- Stadiondakı atmosfer çox gözəl idi. Çoxdandır ki, Premyer Liqada bu qədər azarkeş önündə oynamırdıq. Həm bizim, həm də rəqibin azarkeşləri çox gözəl atmosfer yaratmışdı stadionda.

- Çempionatın daha maraqlı alınması üçün bölgə klublarının sayının artırılmasının vacibliyini vurğulayanlar da az deyil. Sən də razısan bu fikirlə?
- Əlbəttə ki, mən də bununla razıyam. Bölgələrdəki insanların futbola marağını daha da artırmaq üçün Premyer Liqada bölgələrin klubları olmalıdı. Əgər bölgələrdə komandaların sayı çox olsa, azarkeşlər də stadionları dolduracaq. Bu da Premyer Liqamızı daha maraqlı və daha baxımlı edəcək. 

- Növbəti turda rəqibiniz “Sabah”a qarşıdı. Onlara qalib gələ biləcəksiz? Son turda “Zirə”ni məğlub etdilər...
- Növbəti turda bizi ağır oyun gözləyir. Son turlarda yaxşı formada olan və ardıcıl qələbələr qazana bilən komandaya qarşı oynayacağıq. Son dövrədəyik və xal itirmək istəmirik. “Sabah”la görüşdə də qələbə üçün əlimizdən gələni edəcəyik.

- Kubok qarşılaşmasında “Sabah”la cavab oyunu çox gərginliyi ilə yadda qalmışdı. Həmin oyunun gərginliyi səncə, bu dəfəki matça təsir edəcək?
- Oyunlarda belə hallar çox yaşanır. Ümid edirəm ki, bir daha belə hallar yaşanmaz. Çox gərgin və maraqlı oyun olacaq.

Mirbağırağa

Xəbər xətti