"Neftçi" fasiləsən sonra bizi müdafiədə oturmağa məcbur etdi, halbuki onlara qalib gələcəyimizə inanırdıq" - MÜSAHİBƏ

14:13 - 10 Aprel 2022

"Şamaxı"nın kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" adı ilə ilk oyununuza çıxdınız. Matçdan əvvəl hər hansı həyəcan var idi?
- Bəli, "Şamaxı" adı ilə ilk oyunumuzu keçirdik. Bəlkə də həyəcan var idi. Qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirdik. Çünki azarkeşlərimiz çox yaxşı atmosfer yaratmışdı. Biz onsuzda hər oyuna böyük məsuliyyətlə çıxırıq. Sadəcə "Neftçi" ilə görüşdə daha məsuliyyətli idik, qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik.


- Hesabı açan tərəf siz olsanız da, qələbəni saxlaya bilmədiniz. Səncə, komanda nəyə görə uduzdu? 
- Artıq neçə oyundur ki, bu cür olur. Hesabı açırıq, üstünlüyü qoruyub-saxlaya bilmirik. "Sumqayıt", "Qəbələ" matçlarında da belə olmuşdu. Səhvlərimizi düzəltməyə çalışırıq. "Neftçi"yə qalib gələcəyimizə inanırdıq. Bəlkə də rəqib ikinci hissə təzyiqi artırdı. Bilirsiz, onların usta futbolçuları çox idi, biz isə cüzi səhvlərə yol verib uduzduq. Bu səhvlərin üzərində çalışaraq aradan qaldırmağa çalışacağıq.

-  Fasilədən sonra "Neftçi"ni saxlamaq mümkün olmadı? Komandanın hər iki hücumçusu qol vurdu, öncə Tyaqo Bezerra, daha sonra onun yerinə meydana daxil olan Ramon Maçado..
- Qolun kimin vurmasının fərqi yoxdu. "Neftçi"nin ikinci hissədə daha çox üstümüzə gələcəyini bilirdik. Çünki məğlub olurdular, onlara qələbə hava-su kimi lazım idi. Hücuma daha çox fikir verəcəyini bilirdik. Bəlkə də rəqib bizi fasilədən sonra müdafiədə oturmağa məcbur etdi. Hər birimiz diqqətli oynamağa çalışırdıq. "Neftçi" cinahlardan daha çox təzyiq edirdi. Bunu zərərsizləşdirməyə çalışdıq. Amma alınmadı. Bu səhvləri aradan qaldırıb, qarşıdakı oyunlarda daha diqqətli olacağıq.

- Necə düşünürsən, son pilllələrdən qurtulmağınız mümkün olacaq?
- Bayaq dedim, elə oyunlarda xallar itimişik ki..."Sumqayıt"ı udurduq sonda heç-heçə qaldıq, "Qəbələ" ilə də həmçinin. “Neftçi” və “Sabah”a qarşı oyunları da bura əlavə edirəm. Bu oyunlarda qələbə qazansaydıq, daha yüksək pillələrdə olardıq. Çalışırıq səhvlərimizdən dərs çıxaraq. İnanıram ki, düzələcək.

- Dünənki matçda tribuna dolmuşdu. Səncə, bu, rəqibin adı və stadionda ilk oyunun olması ilə əlaqədar idi, yoxsa Şamaxıdakı oyunlarınızın hamısında eyni atmosfer olacağını düşünürsən?
- Allah qoysa, bütün oyunlarımızda azarkeşlər bu cür olar. Möhtəşəm dəstək var idi, adama ləzzət edirdi. İnanıram ki, hər oyunda bu cür dəstək olacaqlar, biz də qalib gələrək onları sevindirəcəyik.

- "Şamaxı"da oynamaq üçün sənin üçün maraqlıdı? Yeni mövsüm də bu komandada qalacaqsan, yoxsa Şamaxıya get-gəl ürəyincə deyil?
- Bu, mövsüm sonunda rəhbərliklə danışığımızdan sonra dəqiqləşəcək. Amma get-gəl söhbəti mənim üçün problem deyil. Region komandasında oynamışam. Azarkeşlərin sayı daha çox olur oyunlarda, oyuna maraq daha çoxdu. Mən Gəncədə oynayanda görmüşəm. Şamaxıda da azarkeşlərin necə möhtəşəm olduğunu hamı gördü. Düzdü, sağolsunlar, Bakıda da azarkeşlər gəlir oyunlara. Ancaq siz dediyiniz məsələ mövsüm sonunda bilinəcək. Amma ora gedib, gəlmək məsələsi mənə problem yarada bilməz.

Mirbağırağa

Xəbər xətti