"Rəhbərlik həmişə yanımızdadı, son zamanlarda daha yaxşı qayğı göstərirlər" - MÜSAHİBƏ

13:15 - 11 Aprel 2022

Premyer Liqanın 22-ci turunun "Qəbələ" ilə oyununda komandasının qələbəsində pay sahibi olan "Səbail"in müdafiəçisi Adil Nağıyev Sportal.az saytına müsahibə verib. Bölgə klubu ilə matçda komandasının qollarından birinə imza atan Nağıyev matçla bağlı fikirlərini bildirib.

- "Qəbələ" üzərində 3:0 hesablı qələbəni özünüz ehtimal edirdiniz? Necə oldu ki, bu hesabla qalib gəldiniz?
- Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Yaxşı da hazırlaşmışdıq. Çoxdandır ki, qələbə qazana bilmirdik. Amma bu dəfə yaxşı oyun göstərərək qalib gəldik.

- Sonuncu dəfə “Qarabağ” üzərində qələbə qazanmışdınız. Yəqin ki, özünüz də artıq bu mövsüm bir daha qalib gəlməkdən əlinizi üzmüşdünüz?
- Xeyr, ümid həmişə var. Sadəcə bəzi oyunlarda bəxtimiz gətirmirdi, bəzi oyunlarda fərdi səhvlərdən uduzurduq. Uduzduqca istər-istəməz psixoloji düşüş yaşayırsan, amma dünən qələbə qazanaraq daha yaxşı ola biləcəyimizi hər kəsə sübut etdik.

- Bir qol vurdun, bir epizodda da cərimə zərbəsindən fərqlənə bilərdin. Həmin epizoddan sonra Nikolas Raysel fərqləndi. Bu epizodlarla bağlı fikrin necədi?
- Əlbəttə ki, qol vurmaq sevindirici haldı. Həm də qələbə qazanırsansa, bu daha da sevindirici olur. Həmişə özümə inanmışam. Amma bəzi epizodlarda real epizodu qola çevirə bilməmişəm. Şükürlər olsun ki, “Qəbələ” matçında hər şey istədiyim kimi alındı. Cərimə zərbələrinin üzərində məşqlərdə çalışıraçm. Topu götürdüm, sağolsun, baş məşqçi də mənə etiraz etmədi. İnanırdım ki, qol olacaq. Əsas odur ki, qapıçıdan dönən topu vurduq və hesabı 2:0 edərək matçın taleyini həll etdik. 

- Oyunu izləyənlər arasında klub rəhbərliyi də var idi. Ola bilər ki, məhz buna görə daha da istəkli idiniz? Matçdan sonra rəhbərlik sizə mükafat vəd etdi?
- Rəhbərlik həmişə yanımızdadı. Son zamanlar isə daha yaxşı qayğı göstərirlər. Rəhbərlik bizdən qələbə gözlədiyini və buna inandığını bildirmişdilər. Mükafat həmişə olur, rəhbərlik heç vaxt əziyyətimizi yerdə qoymayıb. 

- Bundan sonra əsas məqsəd “Sumqayıt”ı turnir cədvəlində keçmək olacaq?
- Biz hər oyuna yaxşı nəticə üçün çıxacağıq. Rəqibimizin kimliyindən asılı olmayaraq yaxşı mübarizə aparsaq, istəkli olsaq uğurlu nəticə qazana bilərik. Hədəfimiz daha da yaxşı oynayıb, uğurlu nəticələr qazanmaqdı.

- Qarşıdakı turda rəqibiniz “Zirə”di. “Qəbələ” üzərindəki qələbədən sonra artıq bütün komandalara qalib gələ biləcəyinizə inanırsınız?
- “Zirə” çox yaxşı komandadı. Onlar da son turda məğlub olub, öz meydanlarında daha da inamlı oynayırlar. Səfərə yaxşı nəticə üçün gedirik. Niyə də “Zirə”ni məğlub etməyək? Qarşıdakı oyunlarda daha istəkli, mübariz “Səbail” görəcəksiniz.

Xəbər xətti